Bildiyiniz kimi, avqustun 23-ü Moskva vaxtı ilə 18:40 radələrində “Embraer Legacy” təyyarəsi Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısını dərc edib. Ölənlər arasında "Vaqner"in təsisçisi Yevgeni Priqojin və komandiri Yevgeni Utkin də var.
Hadisənin Rusiya Prezidenti Vladimir Putin tərəfindən məqsədli şəkildə baş verdiyi iddia olunur. ABŞ prezidenti Co Bayden də qəzaya münasibət bildirərkən qəzada Putinin əli olduğunu istisna etməyib:
"Nə baş verdiyini dəqiq bilmirəm, amma təəccüblənmirəm. Rusiyada Putinin arxasında olmadığı çox hadisə yoxdur”.
Ehtimallara görə, Priqojin Putinin bir layihəsi idi və zamanı çatdığı üçün aradan götürüldü.
Bəs bu iddialara nə dərəcədə doğrudur?
Politoloq Əziz Əlibəyli Hit.az-a açıqlamasında bildirib ki, onu Belarus ərazisinə göndərməklə də Polşaya qarşı yeni cəbhənin açılmasını nəzərdə tuturdu:
"Hələ ki, təyyarənin Rusiyanın radarları tərəfindən vurulduğu iddia olunur. Priqojin amili Moskvaya hücumdan sonra ciddi problemə çevirilmişdi. Mən bunu belə qəbul edirəm ki, Qriqojin proyekti Putinin öz planı idi və cəbhə dəyişdirməsi plan üçün nəzərdə tutulmuşdu. Onu da Belarusiya ərazisinə göndərməklə də Polşaya qarşı yeni cəbhənin açılmasını nəzərdə tuturdu. Amma görünür, beynəlxalq şərtlər imkan vermədi ki, bu planı reallaşdırsınlar. Əlbəttə, Priqojin avtoriteti Putin hakimiyyətinə təhdid yaratmağa başlamışdı. Bu, ənənəvi Rusiya siyasətinin bir baxışıdır və hər zaman bu cür davranıblar. Ona görə də Priqojinin ölümü təsdiqlənərsə, burada təəccüblü heç nə yoxdur".