Niger Mali və Burkina Fasoya ölkəyə qoşun göndərməyə icazə verdi

DÜNYA
10:12 / 25.08.2023
586

Mali və Burkina-Faso silahlı qüvvələri ölkəyə hücum olacağı təqdirdə öz qoşunlarını Niger ərazisinə yerləşdirə biləcək. 

HİT.az xəbər verir ki, müvafiq sənədi dövlət çevrilişinə rəhbərlik edən general Əbdürəhman Tiani imzalayıb.

Niger Press Agentliyinin (ANP) məlumatına görə, avqustun 24-də Nigerin keçid hökumətinin rəhbəri Əli Lamine Zeyn Niameydə Mali və Burkina Fasodan olan nazir heyətləri ilə görüşüb. Görüşdən sonra qəbul edilən kommünikedə üç ölkə “bir neçə ildir Sahel bölgəsində tüğyan edən hadisələrlə mübarizə aparmaq və inkişaf proqramlarının həyata keçirilməsinə xələl gətirməmək üçün” qüvvələrini birləşdirməyə sadiq olduqlarını bəyan ediblər.

Danışıqlardan sonra general Əbdürəhman Tiani iki əmr imzalayıb. Onlardan biri xarici dövlətlərin təcavüzü zamanı Mali silahlı qüvvələrinə Niger ərazisinə daxil olmağa icazə verir. Analoji sənəd Burkina Faso ilə bağlı da imzalanıb. 

“Burkina Faso və Mali nazirləri Niger xalqına qarşı müharibə elanı sayılacaq silahlı müdaxiləyə qarşı olduqlarını təkrarladılar”, deyə kommünikedə bildirilir.

İyulun sonunda Prezident Qvardiyasının komandiri general Əbdürəhman Tianinin başçılıq etdiyi Niger hərbçiləri dövlət çevrilişi həyata keçirib. Nigerin də daxil olduğu ECOWAS liderləri buna cavab olaraq üsyançılara qarşı sanksiyalar tətbiq edib və hərbi müdaxilə planı hazırlayıblar.

Nigerdə ​​yeni hökuməti Mali və Burkina Faso dəstəkləyib. Hər üç ölkədə - 2023-cü ilin iyul ayının sonunda Nigerdə, 2022-ci ildə Burkina Fasoda, 2021-ci ildə Malidə hərbi çevrilişlər baş verib. RTN-nin məlumatına görə, Burkina Faso və Mali artıq öz döyüş təyyarələrini Nigerdə ​​yerləşdirib.

Samir

0