"Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı müharibə səbəbidir. Bu da Rusiyaya NATO-da hamıya və hər kəsə qarşı hərəkət etmək imkanı verir".
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Ümumiyyətlə, son zamanlarda rəsmi Moskva NATO-nu tez-tez müharibə ilə hədələyir. Bəs belə ehtimal varmı? Proseslərin gedişatı Rusiya-NATO müharibəsinə doğru apara bilər?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Medvedevin açıqlaması daha çox hədə-qorxu təsiri bağışlayır:
"Çünki Rusiya uzun müddətdir Ukrayna ilə müharibədə həm canlı qüvvə və arsenal baxımından tükənib, həm də iqtisadi cəhətdən geriləyib. Belə bir ölkənin tək Ukrayna ilə bacara bilmədiyi halda, bütün NATO dövlətlərinə meydan oxuması sadəcə çarəsizliyin göstəricisidir. Bunun hədə-qorxudan başqa bir şey olmadığını düşünürəm. Əgər Rusiya Prezidenti alyansın aparıcı güclərindən biri olan Türkiyə Prezidenti ilə bir neçə gün sonra Soçidə görüşmək barədə razılığa gəlirsə, belə olan halda bütün NATO-ya meydan oxumaq məntiqsiz bir davranış olar".
Politoloq diqqətə çatdırıb ki, alyansı təhdid edən açıqlamanı Vladimir Putin deyil, Dmitri Medvedev edib:
"Hansı ki, Medvedev də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri dəfələrlə bu səpkidə açıqlamalar verir. Hətta onun nüvə silahından istifadə olunacağı ilə bağlı açıqlamaları da var idi. Bütün bunlar sadəcə olaraq çarəsizlikdən irəli gələn açıqlamalardır".
Rəşad Bayramov onu da əlavə edib ki, Ukraynanın kəşfiyyat qrupları bu gün çox rahat şəkildə Krıma daxil olaraq orada bu və ya digər şəkildə əməliyyatlar həyata keçirirlər:
"Ukrayna çox aktiv şəkildə Krımı nəzarətdə saxlamaq imkanları əldə edib. Rusiya isə bunun qarşısını ala bilmir. Ona görə də Kreml NATO-ya meydan oxuyur ki, alyans ölkələri Ukraynanı bu hücumdan çəkindirsinlər. Rusiya istəyir ki, NATO ölkələri bunun nüvə müharibəsinə gətirib çıxaracağı ehtimallarını Ukraynanın nəzərinə çatdırsınlar. Yəni bu açıqlama NATO ölkələrinə Ukraynanın hücumlarını dayandırmaq üçün mesaj xarakteri daşıyır. Ümumiyyətlə, Rusiyanın bu gün NATO-ya müharibə elan etmək imkanları və gücü yoxdur".
Pərviz