Rusiya və Fransa hərbçiləri Nigerdə toqquşa bilər

DÜNYA
17:14 / 30.08.2023
410

Bildiyiniz kimi, Nigerdəki hərbi qiyamdan sonra Fransanın səfirinin və hərbiçilərinin ölkədən çıxarılması tələb olunub. Bunun üçün verilən konkret vaxt da artıq dolub. Lakin Fransa prezidenti Emmanuel Makron onların Nigeri tərk etməyəcəyini bildirib. Daha öncə Afrikanın digər ölkələrində baş verən bənzər qiyamlardan sonra rusyönümlü şəxslər hakimiyyətə gələrək Fransa qüvvələrinin çıxarılmasına nail olmuşdu. İndi də bənzər proseslərin şahidi oluruq.

Görünür, Rusiya Nigerdən də Fransanı çıxartmağı hədəfləyir.

Bəs bütün bunların fonunda Nigerdə Rusiya və Fransa hərbçiləri arasında toqquşma baş verə bilərmi?

Hit.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, toqquşma ehtimalı gözləniləndir:

"Nigerdə Fransa və Rusiya hərbçiləri arasında toqquşma ola bilər. Düşünürəm ki, Nigerdə olan hərbi çeviriliş müxtəlif güc mərkəzlərinin bu ərazidə öz varlığını sübut etmək üçün imkan yaradır. Xaos və anarxiyanın hökm sürməsi müxtəlif qüvvələri hərəkətə gətirir. Burada maraqları olan ölkələr də bölgəni itirmək istəmir. Hazırkı çaxnaşmadan da istifadə edərək öz dominantlığını artırmağa çalışırlar. Aydındır ki, Fransa Afrikada müstəmləkəçilik siyasətini tarixən davam etdirib". 

Onun sözlərinə görə, Rusiya hazırda ehtiyacı olan əraziləri ətrafına çəkmək barədə düşünür:

"Son illər Rusiya da Mərkəzi və Cənubi Afrika respublikasında fəaliyyət göstərib. Burada "Vaqner"in də fəaliyyətini qeyd etmək lazımdır. Rusiyada Afrika liderləri ilə sammit keçirilndə isə Afrika ölkələrinə yardım edilməsi barədə fikirlər səsləndirildi. Bu amillər hər iki ölkənin buradakı maraqlarını göstərir.

Rusiya hazırda ehtiyacı olan əraziləri ətrafına çəkmək barədə düşünür. Görünür, hazırkı vəziyyətdən Rusiya da öz xeyrinə istifadə edəcək".

Aynur Əli

0