ABŞ Rusiya və Şimali Koreyanı hərbi əməkdaşlığa görə yeni sanksiyalarla hədələyir.
HİT.az xəbər verir ki, Ağ Ev ölkələr arasında hərbi-texniki əməkdaşlığın güclənməsinə cavab olaraq Rusiya və Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
ABŞ administrasiyasının məlumatına görə, Rusiya ilə Şimali Koreya arasında silah tədarükü ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunub. Kirbinin sözlərinə görə, Moskva hərbi sənaye kompleksinə kömək üçün Pxenyandan xammal və əhəmiyyətli miqdarda hərbi vəsait almağı planlaşdırır. O, təfərrüatları açıqlamayıb.
“Biz bu iki ölkə arasında silah sövdələşmələrini asanlaşdıran fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları müəyyən edərək və tətbiq etməklə konkret tədbirlər görürük. Biz Rusiyanın Şimali Koreyadan və Ukraynadakı müharibəsini dəstəkləməyə hazır olan hər hansı digər dövlətdən hərbi aktivlər əldə etmək cəhdlərini müəyyən etməyə, açıqlamağa və dayandırmağa davam edəcəyik”, deyə Con Kirbi bildirib.
İyulun sonunda müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Şimali Koreyaya səfər edib. Bu, Rusiya nümayəndə heyətinin 2020-ci ildən bəri Şimali Koreyaya ilk səfəri idi. Sergey Şoyqu və Şimali Koreya lideri Kim Çen In Pxenyanda silah sərgisinə baş çəkib, burada qitələrarası ballistik raketləri, onların mobil buraxılış qurğularını, həmçinin tankları və zirehli texnikaları araşdırıblar. Daha sonra Şimali Koreyanın müdafiə naziri Kanq Sun Nam bildirib ki, Kim Çen In Rusiya ilə hərbi-müdafiə əməkdaşlığını inkişaf etdirmək planlarını təsdiqləyib.
Samir