“Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu müzakirə etdik”.
HİT.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ikitərəfli münasibətlərin inkişafının nəticələri geniş coğrafiyada özünü göstərir.
“Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq”, deyə Ərdoğan Əlavə edib.
O bildirib ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Həmişə bu fikirdə olmuşuq”.
Ərdoğan əlavə edib ki, rəsmi Ankara bunun üçün səylərini davam etdirir.
"Qara dəniz taxıl dəhlizinə alternativlər etibarlı və tərəflərin əməkdaşlığını nəzərdə tutan daimi təkliflər deyil", deyən Türkiyə prezident qeyd edib ki, BMT vasitəsi ilə Rusiyaya təqdim edilən yeni təkliflər paketi ilə Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etmək mümkündür.
Ərdoğanın sözlərinə görə, Qara Dəniz Taxıl Təşəbbüsü qlobal böhranının qarşısını almaqda önəmli rol oynayıb.
Putin danışıqlar zamanı türkiyəli həmkarının bu məsələyə böyük diqqət ayırdığını söyləyib. Putin qeyd edib ki, Rusiyanı bu sazişi dayandırmağa məcbur ediblər: “Qərb Rusiyanı "Taxıl sazişi"nin humanitar xarakter daşıması ilə bağlı aldadıb”.
Rusiya lideri ölkəsinin "Taxıl sazişi"ni bərpa etməyə hazır olduğunu da söyləyib. Vurğulayıb ki, Rusiya kənd təsərrüfatının məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq. “Rusiya "Taxıl sazişi"nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.