Kubada Rusiya üçün muzdlu toplayan 17 nəfər həbs olundu

DÜNYA
10:09 / 08.09.2023
783

Kuba hakimiyyəti insan alveri ittihamı ilə 17 nəfəri həbs edib. 

HİT.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, onlar Rusiya ordusunda Ukraynaya qarşı döyüşmək üçün kubalıları cəlb edən qrupla əlaqəli olublar.

"Reuters"in məlumatına görə, Kuba Daxili İşlər Nazirliyinin polkovniki Sezar Rodriges Kuba televiziyasına açıqlamasında istintaq nəticəsində indiyədək 17 nəfər, o cümlədən qruplaşmanın təşkilatçısının həbs edildiyini bildirib.

Polkovnik təqsirləndirilənlərdən heç birinin adını çəkməsə də, qrup rəhbərinin Rusiya tərəfində Ukraynaya qarşı döyüşlərdə iştirak etmək üçün gəncləri cəlb edən iki nəfərə arxalandığını bildirib.

Kuba prokuroru Xose Luis Reyes bildirib ki, müttəhimlər cinayətin şiddətindən və növündən asılı olaraq 30 ilə qədər həbs, ömürlük həbs və ya ölüm cəzasına məhkum edilə bilər.

Kuba hakimiyyəti sentyabrın 5-də Rusiya-Ukrayna hərbi münaqişəsində iştirak etmək üçün kubalıların cəlb edilməsi şəbəkəsinin müəyyən edildiyini açıqlayıb. Yerli səlahiyyətlilər bildirib ki, onlar muzdluluğa qarşı qəti və aydın tarixi mövqe tuturlar, ölkələri Ukraynadakı müharibədə iştirak etmir.

May ayında "Ryazan News" bir neçə kubalının müqavilə bağlayaraq Ukraynadakı döyüş bölgəsinə getdiyi barədə xəbər dərc edib. Kubalı muzdluların dəqiq sayı açıqlanmayıb. Nəşr qeyd edib ki, onlardan bəziləri daha sonra Rusiya Federasiyasının vətəndaşı olmaq istəyirlər. 
“Reuters” qeyd edir ki, Rusiya kommunist Kuba ilə “güclü siyasi əlaqələri” sayəsində “evlərindəki iqtisadi durğunluqdan xilas olmaq istəyən kubalı miqrantlar üçün çoxdan mühüm yer olub”.

Samir

0