Bəşər tarixinin ən qorxunc dövrünün 536-cı il olduğu iddia edilir. Həmin ili ən qorxunc edən isə “qara günlər”dir. Burada qara günlər məcazi mənada deyilmir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, həqiqətən də, 536-cı ildə əsrarəngiz bir duman Avropanı, Yaxın Şərqi və Asiyanın bəzi hissələrini 18 ay ərzində gecə-gündüz “qaranlığa” qərq edib. Bizans tarixçisi Prokopi yazırdı: “Günəş, Ay kimi, il boyu solğun işıq saçırdı”. Orta əsr tarixçisi Mixael McCormick isə bu ili “dünyanın ən pis dövrlərindən birinin başlanğıcı” kimi xarakterizə edib.
Bu sirli duman 536-cı ilin yayında temperaturu 1.5 dərəcəyə qədər endirib. Nəticədə son 2300 ilin ən soyuq onilliyinə başlayıb. Həmin yay Çində qar yağıb, əkinlər çürüyüb və insanlar aclıqdan ölüb. İrlandiyada isə 536-539-cu illərdə çörək qıtlığı baş verib.
Bundan əlavə, həmin il Şərqi Roma İmperiyasının əhalisinin üçdə birini məhv edən “Yustinian vəbası” yayılıb. Günəşin belə parlaqlığını itirdiyi “Qaranlıq dövrlər” adlanan bu dövrün arxasında dayanan faktları uzun müddət aydınlaşdırmaq mümkün olmayıb. Nəhayət, 2018-ci ildə aparılan bir araşdırmada bu səbəbin nə olduğu müəyyən olunub. İsveçrədə buzun təhlili nəticəsində məlum olub ki, bütün bu fəlakətlərin səbəbi İslandiyada 536-cı ildə püskürən bir vulkan imiş.
Partlayış o qədər güclü olub ki, vulkanın külü Şimal yarımkürəsinə səpələnib. Bu küllər vulkanik dumana çevrilib və hətta günəşin üzünü örtərək, ağır meteoroloji fəlakətlərə səbəb olub.