ABŞ prezidenti Co Bayden administrasiyası ilə İran arasında beş amerikalı məhbusun azadlığa buraxılması müqabilində Tehranın 6 milyard dollar məbləğində aktivinin üzərindən həbsin götürülməsinə dair razılaşma həm demokratların, həm də respublikaçıların tənqidinə səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə “The Hill” yazır.
Qeyd edilir ki, tərəflərin nümayəndələri belə bir razılaşmanın ABŞ-a düşmən olan dövlətlərin amerikalıları sonradan faydalanmaq üçün girov götürməsinə gətirib çıxaracağından qorxurlar.
"Co Bayden administrasiyasının razılaşmanı diplomatik qələbə kimi təqdim etməsinə baxmayaraq, bir sıra qanunvericilər Vaşinqtonun ilk növbədə danışıqlara getməməli olduğu “düşməni sevindirdiyinə” inanır", deyə "The Hill" qeyd edir.
“Əgər qaçırılan hər bir şəxs üçün bir milyard dollar ödəsək, o zaman adam oğurluğu daha çox olacaq. Buna görə danışıqlar aparmısız? Girovun azad edilməsi üçün pul ödəmək ideyası dəhşətli fikirdir”, deyə Respublikaçı senator Mitt Romni bildirib.
Eyni zamanda, demokrat Robert Mendez amerikalıları həbs oluna və ya girov götürülə biləcək ölkələrə getməmək üçün onlarla əlaqə saxlamağa çağırıb.
Arkanzas ştatından respublikaçı Tom Kotton da Ağ Evin hərəkətlərini tənqid edərək, sazişi rüsvayçı adlandırıb, çünki bu, “dünyanın ən pis ölkəsinə” pul qazandırıb.
Avqustun 10-da ABŞ və İranın əsirlərin mübadiləsi ilə bağlı razılığa gəldiyi məlum olub. Daha sonra ABŞ Dövlət Departamenti məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana dondurulmuş 6 milyard dollarlıq aktivlərə çıxış imkanı verməsinə baxmayaraq, İrana qarşı sanksiyaları yumşaltmayacağına aydınlıq gətirib.
Samir