Rusiya-Ukrayna müharibəsi Belarusa, oradan da digər ölkələrə keçəcək? - ŞƏRH

DÜNYA
12:41 / 15.09.2023
683

Estoniya Latviya-Belarus sərhədinə qüvvələr göndərəcək.

Bunu Estoniyanın Baş naziri Kaya Kallas deyib. O bildirib ki, Estoniya Latviyaya polis və sərhəd xidməti qüvvələrindən ibarət bir qrup göndərir: "Latviya Belarusdan davam edən hibrid fəaliyyətlərə qarşı mübarizə üçün bizdən kömək istəyib. Biz Avropa İttifaqının xarici sərhədlərini qorumaq və qonşularımızla çiyin-çiyinə olmaq üçün öz köməyimizi təklif edirik".

Ümumiyyətlə, yeni müharibə ocağı Belarus ola bilərmi? Ukraynadakı müharibənin Belarusa, oradan da digər ölkələrə sirayət etmə ehtimalı var?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Estoniyanın məqsədi Latviyanın müdafiəsinə dəstək olmaqdır:

333831

"Çünki Avropa İttifaqı və NATO ehtiyat edir ki, Rusiyanın göstərişi ilə Belarus qoşunları və ya "Vaqner" hərbçiləri Polşa və ya Baltikyanı ölkələrin hər hansısa birinə müharibə elan edə bilərlər. Həmin ehtimalı aktiv olaraq gözdən keçirirlər və bunun real olduğunu düşünürlər. Məhz buna görə də Latviya öz sərhədlərini möhkəmləndirməyə qərar verib. Ümumiyyətlə, oradakı ölkələrin özləri və orduları çox kiçik olduğu üçün dəstəyə ehtiyacları var. Bu məqsədlə də Estoniya Latviyaya sərhədçilər və polislərdən ibarət hərbi qüvvə göndərir. Bununla da Rusiyaya göstərmək istəyirlər ki, Belarusdan hər hansısa bir hücum olarsa, o zaman Baltikyanı ölkələri, Avropa İttifaqı və NATO birlikdə bunun qarşısını almağa çalışacaq".

Ekspert vurğulayıb ki, Belarusdan Polşaya və digər Baltikyanı ölkələrə müharibə ehtimalı hər zaman var:

"Kreml həm cəbhəni genişləndirmək istəyir, həm hərbi yardım göndərən ölkələri cavabdeh qismində görür, həm də müharibə genişlənərsə Qərbdəki birliyin pozulacağını düşünür. Onsuz da Avropa İttifaqının bəzi ölkələri ABŞ-ın Ukraynaya dəstəyindən narazıdır. Məsələn, bu yaxınlarda Fransanın xarici işlər naziri bildirmişdi ki, Rusiya hər zaman mövcud olub, var və olacaq. O, Rusiyanı Avropanın təhlükəsizlik arxitekturasına cəlb edilməsinin vacibliyini vurğulamışdı. 

Ümumiyyətlə, yeni bir münaqişə ocağı olarsa, Avropa daxilində parçalanma yaşana bilər. Bu halda, Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətlər pozular. Ona görə də Rusiyanın bu məqsədlə Belarus ərazisindən Polşa və ya digər Baltikyanı ölkələrə hücum etməyi düşünür. Hətta "Vaqner" muzdlu qruplaşmasının Belarusda yerləşdirilməsinin məqsədinin bu olduğu iddia olunurdu".

Politoloq hesab edir ki, Estoniyanın bu addımı ilə əsas məqsədi Latviyaya qarşı həmrəylik nümayiş etdirməkdir:

"Nəzərə almaq lazımdır ki, Rusiyanın, Belarusun və ya "Vaqner"in sırf Latviyaya hücum edəcəyi ilə bağlı məlumat da yoxdur. Bəlkə də Litva, Polşa, Estoniya və ya digər ölkələr hədəf ola bilər. Ona görə həmrəylik nümayiş etdirirlər. Amma o da ola bilər ki, onlarda hansısa kəşfiyyat məlumatı olduğu üçün qoşunları Latviyaya göndərirlər. 

Düşünürəm ki, müharibə Belarusa, oradan da Estoniya və ya Latviyaya yayılarsa, NATO-nun proseslərə birbaşa cəlb edilmə ehtimalı var. Lakin proseslərin necə cərəyan edəcəyini indidən demək çətindir. NATO tək yumruq şəklində buna cavab verə bilər. Həmçinin, Avropa İttifaqı müharibənin öz ərazisinə keçdiyini bəhanə edərək, NATO daxilində parçalanma yarada və  Rusiya ilə separatçı sülh razılaşmasına gedə bilər".

Pərviz

0