Belarusun adi vətəndaşlarına dronlara sahib olmaq qadağan edildi

DÜNYA
20:20 / 27.09.2023
732

Belarus prezidenti Aleksandr Lukaşenko “Mülki pilotsuz uçuş aparatlarının dövlət qeydiyyatı və istismarı haqqında” fərman imzalayıb. 

HİT.az xəbər verir ki, qanun fiziki şəxslərin ölkəyə dron gətirməsini, istifadəsini, almasını, satmasını, istehsalını və ya saxlamasını qadağan edir. 

Sərəncama əsasən, Belarusda dronların dövriyyəsinə, istehsalına və istismarına yalnız təşkilatlara və fərdi sahibkarlara biznes və peşə fəaliyyəti məqsədləri üçün icazə verilir. Lakin bunun üçün müəssisələr Belarus hökumətindən icazə almalı olacaqlar.

Fərmanın pilotsuz uçuş aparatlarının idxalı, istehsalı və istifadəsini qadağan edən müddəaları artıq qüvvəyə minib və altı aydan sonra cihazların saxlanması və satışı qanunsuz olacaq. Bu müddət ərzində dron sahibləri onları şirkətlərə satmalı və ya hökumətin təyin etdiyi səlahiyyətli təşkilata depozit qoymalıdırlar. Söhbətin hansı təşkilatdan getdiyi sənəddə izah edilmir.

Sərəncamda həmçinin pilotsuz uçuş aparatlarının dövlət uçotu sisteminin yaradılması da nəzərdə tutulur ki, bu sistemə nəzarət respublikanın Nəqliyyat və Rabitə Nazirliyinin aviasiya idarəsi tərəfindən həyata keçiriləcək.

Samir

0