Türkiyənin hədəf seçilməsinə səbəb nədir? - "Proseslərin arxasında dayanan ölkə..."

DÜNYA
12:54 / 02.10.2023
636

Son günlərdə qardaş Türkiyə dövlətinin tez-tez hədəf alındığını görürük. 

Öncə ABŞ-da Türkiyə və Azərbaycan rəsmiləri ermənilər tərəfindən hücuma məruz qaldılar. Daha sonra İsveçdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan təxribat törədildi. Belə ki, polisin mühafizəsi altında Ərdoğanın maketi yandırıldı. Son olaraq da, Türkiyənin paytaxtı Ankarada terror hücumu həyata keçirildi.

Bütün bunların arxasında kim dayanır? Son günlərdə Türkiyənin hədəf seçilməsinin səbəbi nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, rəsmi Ankara Prezident seçkilərindən sonra "Türkiyə yüz ili"nə doğru inamla addımlamağa başladı:

334942

"Düzdür, Türkiyə əvvəllər də regional və qlobal proseslər də rol oynayan aktor idi. Amma artıq qardaş ölkə nəinki baş verən proseslərdə rol oynayır, həm də həlledici aktorlardan birinə çevrilib. Biz bunu Cənubi Qafqazda və digər regionlarda baş verən hadisələrdə görə bilərik. Nəzərə almaq lazımdır ki, rəsmi Ankaranın əhəmiyyətli səyləri nəticəsində Cənubi Qafqazda sular durulmaqdadır. 

Həmçinin, Şərqi Avropada Türkiyə Rusiya və Ukraynanın da dialoq qura biləcəyi yeganə dövlətdir. Yaxın Şərqdə - Suriya və İraqda proseslər məhz Türkiyənin maraqlarına uyğun cərəyan etməkdədir. Orada da artıq ABŞ və Rusiya Türkiyə ilə hesablaşmaqdadır. Əlbəttə ki, bütün bunlar Türkiyəni istəməyən və bu ölkəni özünə rəqib görən qüvvələri narahat etməkdədir".

Politoloq hesab edir ki, Türkiyənin hədəf seçilməsinin arxasında ABŞ dayana bilər:
"Əslində bu proseslərin arxasında konkret kimin dayandığını demək çətindir. Bu həftə Türkiyəyə qarşı baş verən 3 prosesin isə eyni mərkəzdən idarə olunmadan bir-birindən fərqli olması da mümkündür. Lakin onların hər üçünün eyni mərkəzdən idarə olunması ehtimalı da var. Düşünürəm ki, xüsusilə ABŞ Türkiyənin son həmlələrini qəbul etmək istəmir. Çünki Ankaranın son addımları Vaşinqtonu qıcıqlandırır. Belə ki, Türkiyə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdə, həm də Şərqi Avropada ABŞ-ın oyunlarını pozur. 

Yəni rəsmi Ankara ABŞ-ın Cənubi Qafqaza gəlməsinin qarşısını aldı, Rusiyanı tək qoymadı və Yaxın Şərqdə də öz oyununu oynayır. Üstəlik, Türkiyə hakimiyyəti hələ ki, NATO-nun genişlənməsinə soyuq yanaşır və İsveçin alyansa üzvlüyün ratifikasiya etmir. 

Bununla yanaşı, Türkiyə ilə ABŞ arasında "F-16" qırıcıları ilə bağlı da gərginlik davam etməkdədir. Bütün bunlar son nəticədə oxları ABŞ-a yönəldir. Hesab edirəm ki, Ağ Ev Türkiyəyə qarşı prosesləri ya birbaşa, ya da əlaltıları vasitəsi ilə idarə edə bilər".

Pərviz

0