Rusiyanın olduğu masalardan qaçan Ermənistan: \"Putin hakimiyyəti Paşinyanı ciddi şəkildə silkələləyəcək\"

22:51 / 11.10.2023
588

Ermənistan və Rusiya arasındakı münasibətləri soyuq olaraq qalır. 

Paşinyan hakimiyyətinin Qərbə meyil etməsi Rusiyanı daha da qıcıqlandırır. Çünki Paşinyan demək olar ki, Rusiyanın olduğu heç bir masada görünmək istəmir.

Bəs münasibətlərin kəskin soyuması Ermənistan və Paşinyan üçün necə sonlana bilər?

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, Rusiya Paşinyanın bu addımlarından qıcıqlanır və əvəzini çıxmağı planlayır:

"Paşinyanın son zamanlar atdığı addımlar Rusiyanı istənilən masada ⁶görmək istəməməsi kimi qiymətləndirilə bilər. Amma bu addımlar ölkə daxilində də parçalanmaya səbəb olur. Çünki istər-istəməz Rusiyanın təsir gücü hələ də Ermənistanda var. Ermənistanda Rusiya meyilli şəxslər qalmaqdadır. Ona görə də Paşinyanın bu cür hərəkətləri ölkə daxilində də narazılıqla qarşılana və parçalanma yarada bilər. Çünki Rusiya Ermənistanın bu addımlarından dolayı ölkə daxilində qarşıdurmanı qızışdırmaq marağına düşə bilər. 

Hesab edirəm ki, Paşinyanın son atdığı addımlar Rusiyanı daha da qıcıqlandırır. İki ölkə arasında hələ ki söz davası gedir. Əgər proses belə davam edərsə, Rusiya Paşinyanı ciddi şəkildə silkələləyəcək. Qərbin buna necə reaksiya verməsini isə zaman göstərəcək. Görünən odur ki, hələ maddi imkanlarla Paşinyanın hakimiyyətdə qalması üçün şərait yaradırlar. Rusiya ilə münasibətlər daha da qızışınca Paşinyanı tək də buraxa bilərlər, bunu da zaman göstərəcək".

Aynur Əli

0