İsraildəki müharibə ilə bağlı sürpriz iddialar yayılmağa davam edir.
Belə ki, ABŞ mediasında yer alan xəbərlərə əsasən, HƏMAS-ın İsrailə qarşı terror hücumunun arxasında məhz İran var. Tərəflər arasında Beyrutda gizli görüş keçirildiyi və o görüşdə sözügedən hücumun hazırlandığı önə sürülüb. Həmçinin, əməliyyata birbaşa İran kəşfiyyatçıların rəhbərlik etdiyi də iddia olunur. Lakin ABŞ-dan verilən açıqlamada İsrailə hücumun arxasında İranın olduğunu göstərən heç bir faktın tapılmadığı açıqlanıb.
Gündəmi məşğul edən bir digər məsələ isə İsrailə hücum tarixinin təsadüfən seçilməməsidir. 7 oktyabr tarixinin də İran tərəfindən xüsusi olaraq seçildiyi iddia olunur.
Görəsən İsrailə hücum tarixi xüsusi olaraq seçilib? Bunda məqsəd nədir?
Politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında bildirib ki, HƏMAS-ın İsraili hədəf alması ilk dəfə baş vermir:
"Ümumiyyətlə, HƏMAS 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirdikdən sonra İsrailə bir neçə dəfə hücum həyata keçirib. Hətta həmin hücumlar zamanı HƏMAS və müttəfiqləri tərəfindən İsrailə minlərlə raket də atılıb. Eyni şəkildə İsrail tərəfindən də HƏMAS mövqelərinə dəfələrlə hava zərbələri və hücumlar həyata keçirilib.
Son hücum HƏMAS-ın Qəzzadan indiyə qədər başlatdığı ən iri miqyaslı hücumdur. Bunun həm də İsrailin uzun illər ərzində üzləşdiyi ən ciddi transsərhəd hücumu olduğunu vurğulamaq lazımdır".
Ekspert hesab edir ki, İsrailə hücum tarixi də təsadüfən seçilməyib:
"Bu tarixin seçilməsi açıq şəkildə 50 il əvvəlki hadisələrə görədir. Çünki HƏMAS-ın İsrailə hücuma başladığı tarix 1973-cü ildə Misir və Suriyanın Yaxın Şərqdə böyük müharibəyə səbəb olmuş qəfil hücumunun 50-ci ildönümünə təsadüf edir".
Pərviz