Rusiya Liviya sahillərində hava sahəsini bağlaya və Avropanın təhlükəsizliyinə ciddi təhdid yarada bilər.
Bu xəbərdarlıqla ABŞ-ın Afrika Qüvvələri Komandanlığı (AFRİCOM) çıxış edib.
AFRİCOM-un açıqlamasında bildirilir ki, Rusiya Liviyadakı “Vaqner” muzdlu döyüşçülərinə dəstək vermək üçün bu ölkəyə döyüş təyyarələri göndərib: “Kreml bu addımını gizlətmək üçün təyyarələri əvvəlcə Suriyaya göndərdi, ardınca Liviyaya gətirdi”.
AFRİCOM-un komandanı general Stiv Tounsend bildirib ki, Rusiya Suriyada olduğu kimi Liviyada da güc balansını xeyrinə dəyişmək istəyir.
“Moskva Suriyada olduğu kimi Afrikada da hərbi gücünü artırmağa çalışır. Moskva Liviyada hərbi varlığını uzun müddətdir inkar etsə də, bu reallıqdır. Rusiyanın dördüncü nəsil döyüş təyyarələrini Liviyaya göndərməsini addım-addım izlədik. Haftar gücləri təyyarələri idarə edə bilmir, amma hava əməliyyatı keçirəcəklərini bəyan etdilər. Bu əməliyyat rus pilotlar tərəfindən həyata keçiriləcək” – amerikalı general bildirib.
AFRİCOM-un digər komandiri general Cef Harriqian isə bildirib ki, Rusiyanın sonrakı addımı hava sahəsini bağlamaq olacaq.
“Rusiya Liviya sahillərindəki bazaları ələ keçirərsə, növbəti addımda hava hücumundan müdafiə sistemlərini ora yerləşdirəcək. Bu baş verərsə, Avropanın cənubu ciddi təhlükəsizlik problemi ilə üz-üzə qalacaq”, V.Harriqian qeyd edib.