Dünyanın ən yaxşı aviaşirkətlərindən biri olan "Qatar Airways" sərnişinlərinə İlon Maskın "Starlink" şirkətindən pulsuz internet təqdim edəcək.
HİT.az aviaşirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Starlink" "Qatar Airways" sərnişinlərinə oyun, VPN-ə giriş, idman yayımları və daha çox şey üçün saniyədə 350 meqabitə qədər sürətlə Wi-Fi-dan istifadə etməyə imkan verəcək.
"Qatar Airways"ın baş icraçı direktoru Akbar Al Baker "Qatar Airways bütün dünyada sərnişinlərinə fasiləsiz pulsuz Wi-Fi təmin etmək üçün "Starlink" ilə müqavilə imzaladığını elan etməkdən qürur duyur", deyib.
Bildirilir ki, yüksəksürətli, aşağı gecikmə ilə genişzolaqlı internet bütün sərnişinlər üçün pulsuz olacaq.
Aviaşirkət öz təyyarələrində "Starlink" xidmətinin işə salınma tarixini hələ dəqiqləşdirməyib. "Qatar Airways" və "Starlink" hazırda bütün "Qatar Airways" donanması üçün yerləşdirmə strategiyasının başlanğıc mərhələsindədir.
Beləliklə, "Qatar Airways" "Starlink" tərəfdaşı olacaq beşinci aviaşirkətdir. Bundan əvvəl JSX, "Hawaiian Airlines", "AirBaltic" və ZIPAIR də artıq təyyarələrdə "Starlink" xidmətləri göstərmək istədiklərini elan ediblər.
Samir