Gürcüstan Prezidenti Salome Zurabişvili vəzifəsindən kənarlaşdırıla bilər.
Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin hökumətdən icazəsiz xaricə səfərlər edərək ölkə konstitusiyasını pozduğunu müəyyən etdiklərini açıqlayıb. Məhkəmənin qərarından sonra impiçment proseduru parlamentə göndəriləcək və bu həftə ərzində prezidentin impiçmentinə dair səsvermə keçiriləcək.
Bəs bundan sonra nə baş verəcək? Zurabişvili vəzifəsindən uzaqlaşdırılacaqmı? Onun yerinə kim gələ bilər?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Salome Zurabişvili vəzifəsindən kənarlaşdırıla bilər:
"Yəqin ki, buna nail olacaqlar. Çünki buradakı ən böyük maneə məhz Konstitusiya Məhkəməsi idi. Ancaq o da prezidentin impiçment prosesinə "yaşıl işıq" yandırdı. Ümumiyyətlə, Gürcüstanda son zamanlarda prezidentlə hökumət arasında vaxtaşırı çəkişmələr baş verirdi. Gürcüstanın Rusiya ilə əlaqəsini bərpa etməsi, tərəflərin yaxınlaşması, viza rejiminin ləğv edilməsi və hökumətin xaricdən gələn qrantlarla bağlı qərar qəbul etməsi kimi məsələlər müzakirələrə səbəb olurdu.
Həmçinin, sabiq prezident Mixail Saakaşvili ilə bağlı da fikir ayrılığı var idi. Hətta Zurabişvili Saakaşvilini əfv edəcəyini açıq şəkildə bildirdi və buna çalışdı. Yəni Gürcüstan Prezidenti hökumətlə müxalifət arasındakı problemlərdə neytral mövqe tutmurdu. Onun bu davranışı isə hökuməti çox narahat edirdi. Buna görə də dəfələrlə açıq şəkildə müzakirələr və mübahisələr yaşanırdı. Hətta Gürcüstan Hava Yolları Zurabişviliyə uçuş qadağası da tətbiq etdi. Düşünürəm ki, bütün bunlar artıq hökuməti bezdirdi. Ona görə də hökumət birmənalı şəkildə qərar verdi".
Politoloq Salome Zurabişvilinin yerinə gələcək namizəd barədə də danışıb:
"Bundan sonra prezidentliyə namizəd nisbətən "Gürcü Arzusu" partiyasına yaxın və hakimiyyətin sifarişlərini qeyd-şərtsiz yerinə yetirəcək bir şəxs olacaq. Yəqin ki, Qərblə əlaqələri də yaxın olan bir namizəd seçiləcək. Çünki Gürcüstan Rusiya ilə münasibətlərini inkişaf etdirsə də, Qərblə də münasibətləri pozmaq istəmir. Yəni rəsmi Tbilisi Qərblə yaxınlaşan bir ölkə imici də formalaşdırmağa çalışır".
Pərviz