İsrail Ordusu: "Müharibənin növbəti mərhələsi gözləntilərdən fərqli ola bilər"

DÜNYA
15:45 / 17.10.2023
601

"İsrail əsgərləri Qəzza zolağına qarşı kampaniyasının növbəti mərhələsinə hazırlaşır, lakin planlar qaçılmaz qurudan hücumla bağlı gözləntiləri doğrultmaya bilər".

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü, polkovnik-leytenant Riçard Hext bildirib.

"Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Nələr olacağını hələ deməmişik. Hamı qurudan hücumdan danışır, amma bu, başqa bir şey ola bilər", deyə İDF rəsmisi bildirib.

Bundan əvvəl Der Spiegel İsrailin Qəzza zolağında quru əməliyyatına yalnız ABŞ prezidenti Co Baydenin ölkəyə səfəri başa çatdıqdan sonra başlayacağını yazmışdı.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Hər iki tərəfdən minlərlə insan həlak olub və yaralanıb. İsrail Qəzza zolağında quru əməliyyata hazırlaşır.

Samir

0