HƏMAS İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı saxta video hazırlayır.
HİT.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Kəşfiyyat mənbələri bizə deyir ki, HƏMAS İslami Cihad raketlərinin səhv atışını ört-basdır etmək üçün uydurma video üzərində işləyir", deyə bildirilir.
Vurğulanır ki, İsrail artıq xəstəxana partlayışında Fələstin tərəfinin günahına dair sübutlar təqdim edib.
İsrail xəstəxanaya hücumda Fələstin İslami Cihadını günahlandırır və partlayışın qəsdən törədildiyini qeyd edir. Bundan əvvəl ABŞ Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasına hücumun fələstinli silahlılar tərəfindən həyata keçirildiyini bəyan etmişdi.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Samir