İsrail prezidenti İsaak Hersoq Yaxın Şərqdəki müharibənin İsrailin dünyanın qalan hissəsini müdafiə etdiyi "sivilizasiya uğrunda döyüş" olduğunu deyib.
HİT.az xəbər verir ki, o, bu barədə “The Daily Mail”ə müsahibəsində danışıb.
"Bu, sivilizasiya uğrunda döyüşdür, bəşəriyyət üçün döyüşdür və biz cəbhə xəttindəyik, bütün dünyanı qoruyuruq", deyə Hersoq bildirib.
İsrail prezidenti həmçinin HƏMAS-ı İŞİD-lı müqayisə edərək "dünyanın ən dəhşətli terror qruplaşması" adlandırıb.
"Artıq yan-yana yaşaya bilmərik... Sadəcə bunu bacarmırıq. Biz terrorçuların infrastrukturunu kökündən sökməli və onları oradan qovmalıyıq", deyə ölkə başçısı bildirib.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub.
Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.
Samir