“Newsweek”: "Dövlət rəsmiləri və əhali ən pis ssenariyə hazırlaşmalıdır"

DÜNYA
19:58 / 19.10.2023
479

ABŞ hökuməti HƏMAS-ın girov saxladığı bütün İsrail vətəndaşlarının xilas edilməsi ehtimalını son dərəcə aşağı hesab edir. 

HİT.az xəbər verir ki, bu barədə “Newsweek” jurnalı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti Amerika prezidenti Co Bayden administrasiyasının Yaxın Şərqdəki vəziyyəti həll etmək üçün gördüyü tədbirləri şərh edib. Eyni zamanda o, dövlət rəsmilərinin və əhalinin ən pis ssenariyə hazırlaşmalı olduğuna işarə edib.

"Bütün girovların xilas olma ehtimalının çox aşağı olduğu barədə acı bir həqiqət var", deyə mənbə vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Samir

0