Bildiyiniz kimi, oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailə iri raket hücumu həyata keçirib. Buna cavab olaraq İsrail ordusu “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib və qrupun Qəzza zolağındakı hədəflərinə hücum edib. Hazırda müharibə davam edir. Davam edən savaşda əcnəbi ölkələrin vətəndaşları da həlak olub.
Hit.az etdiyi araşdırmada müharibədə həlak olan əcnəbilərin siyahısını toplayıb.
*HƏMAS-ın İsrailə hücumu nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub, 1 nəfər isə itkin düşüb. Bu barədə İsrail KİV-ləri məlumat yayıb. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir.
*HƏMAS-İsrail müharibəsində öldürülən Türkiyə vətəndaşlarının sayı barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. "HƏMAS-ın hücumları nəticəsində 3 türk vətəndaşı həyatını itirib",-deyə məlumatda deyilir.
*HƏMAS-ın hücumu nəticəsində azı 10 Böyük Britaniya vətəndaşı ölüb, 6 nəfər isə itkin düşüb. Ölənlər arasında 1 hərbçi və turistlər var.
*HƏMAS-ın İsrailə hücumu nəticəsində 12 Ukrayna vətəndaşı ölüb, 8-i itkin düşüb.
*HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 11 ABŞ vətəndaşı həlak olub. Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.
*HƏMAS silahlılarının İsrailə hücumu nəticəsində 12 Tailand vətəndaşı həlak olub, daha 8 tailandlı yaralanıb, 11 nəfər isə əsir götürülüb.
Tailand Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadla yaydığı məlumata görə, İsraildə ümumilikdə 30 minə yaxın tailandlı yaşayır. Tailand vətəndaşlarının təxminən 5 mini Qəzza sektorunun yaxınlığında işləyir. Onların bəziləri oktyabrın 9-na keçən gecə İsrail hakimiyyəti tərəfindən təhlükəsiz ərazilərə təxliyə edilib.
*İsraildə həlak olan əcnəbilər arasında 10 Nepal vətəndaşının da olduğu bildirilir.
*Fələstinin hücumu nəticəsində 16 Rusiya vətəndaşı həlak olub. Bu barədə Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov məlumat verib. Onun sözlərinə görə, daha 9 nəfər hələ də itkindir. Bundan əlavə, Rusiya Federasiyası və İsrailin ikili vətəndaşlığı olan bir nəfər HƏMAS-ın girovluğundadır.
*HƏMAS-ın İsrailə hücumu nəticəsində Fransanın azı 3 vətəndaşı ölüb, 15-i isə itkin düşmüş sayılır. Məlumata görə, Fransa Xarici İşlər Nazirliyi biri 12 yaşlı yeniyetmə olmaqla, 14 vətəndaşının taleyinin naməlum olduğunu bəyan edib.
*HƏMAS-ın hücumi nəticəsində 1 argentinalı vətəndaş da həyatını itirib.
Aynur Əli