Akşener Ərdoğanla ittifaq quracaq?

DÜNYA
16:48 / 27.10.2023
589

Son günlərdə Türkiyənin siyasi cameəsində ən çox müzakirə olunan məsələ gələn il keçiriləcək bələdiyyə seçkiləridir.

Bütün partiyalar 31 martda keçiriləcək seçkilər üçün ciddi hazırlıq görürlər. Bir fakt məlumdur ki, müxalifətlə iqtidar arasında yenidən gərgin mübarizə yaşanacaq. Amma bu seçki 14 mayda keçirilən parlament və prezident seçkilərindən bir qədər fərqlənir. Yəni bu dəfə həmin koalisiyaların mübarizəsinə şahidlik etməyə bilərik.

İqtidarı təmsil edən koalisiya olan "Cümhur İttifaqı"nda heç bir dəyişiklik yoxdur. Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Yenidən Rifah Partiyası, Böyük Birlik Partiyası, Demokratik Sol Partiya (DSP) və Hür Dava Partiyası (HÜDAPAR) yenə də birlikdə mübarizə aparacaqlar. Lakin Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Demokratiya və Sıçrayış Partiyası (DEVA), Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiyadan (DP) formalaşan "Millət İttifaqı" seçkilərdən sonra dağıldı. Bu, liderlər səviyyəsində də rəsmi şəkildə açıqlandı. Üstəlik, CHP sədri Kamal Kılıçdaroğlu daha sonra sözügedən koalisiyanın seçki ittifaqı olduğunu bəyan etdi. 

Lakin "Millət İttifaqı"nın dağılmasından sonra müxalifətin ən böyük ikinci partiyası olan İYİ Partiyanın bələdiyyə seçkilərində hansı formada mübarizə aparacağı müzakirə olunmağa başladı. CHP israrla yenidən ittifaq qurmağa çalışsa da, tərəflər arasında hələlik yeni razılıq əldə olunmayıb. Bu isə İYİ Partiyanın "Cümhur İttifaqı"na qatılma ehtimallarını gündəmə gətirdi. 

Hətta Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalı Meral Akşenerə çağırış edərək, İYİ Partiyanı "Cümhur İttifaqı"na qatılmağa dəvət etdilər. Xatırlayırsınızsa, parlament və prezident seçkiləri ərəfəsində də bənzər çağırışlar olmuş, lakin Akşener tərəfindən qəbul edilməmişdi. İYİ Partiya sədri yenə də "Cümhur İttifaqı"na qatılma təkliflərini qəbul etmir. Akşenerə yaxın mənbələr də onun bu addımı atmağa müsbət yanaşmadığını söyləyirlər.

Nə qədər maraqlı da olsa, İYİ Partiya bələdiyyə seçkilərində təkbaşına mübarizə aparacağını açıqlayıb. Akşener həm iqtidardan, həm də müxalifətdən gələn koalisiya təklifini rədd edərək çox fərqli bir yol izləyir. Lakin onun partiyasının təkbaşına qatılacağı seçkidə nə qədər uğur qazanacağı da sual altındadır. Bu da bir reallıqdır ki, Türkiyə siyasətində hər an hər şey baş verə bilər. 

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin dediyi kimi, siyasətdə 24 saat çox uzun vaxtdır. Bələdiyyə seçkilərinə qədər İYİ Partiyanın mövcud qərarını dəyişməsi də sürpriz olmaz...

Pərviz

0