İranla İsrail arasında müharibə və ya toqquşma gözlənilir?

DÜNYA
16:07 / 30.10.2023
592

Son günlərdə İsrail və İran arasındakı gərginlik pik həddə çatıb.

Artıq tərəflər bir-birlərini açıq şəkildə təhdid edirlər. Xüsusilə HƏMAS-ın İsrailə hücumundan sonra tərəflər arasındakı müharibə riski də yüskəldi. Hətta İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netenyahu İranı vurmaqla hədələyir. Həmçinin, İran Prezidenti İbrahim Rəisi isə həm HƏMAS-ı dəstəklədiyini bəyan edir, həm də İsraili vura biləcəklərini söyləyir. Bütün bunların fonunda tərəflər arasında toqquşma və ya müharibə olub-olmayacağı müzakirə predmetinə çevrilib.

Lakin hər iki tərəfi yaxından izləyən analtiklər İsrail-İran müharibəsini istisna edirlər. Düzdür, tərəflər arasındakı mövcud vəziyyət çox kritikdir, amma bunun müharibəyə yol açacağı inandırıcı görünmür. 

Tarix boyu rəsmi Tehran və Tel-Əviv arasında vəziyyət hər zaman gərgin olub, ancaq tərəflər müharibə etməyiblər. Əslində onlar arasında müharibənin olmamasının əsas səbəbi İsrail və İranın həmsərhəd olmamasıdır. Əks təqdirdə, mütəmadi toqquşmalara şahidlik edə bilərdik. Mövcud vəziyyətdə isə bu gərginlik sərt bəyanatlar və təhdidlərlə özünü biruzə verir. 

Tərəflər arasındakı hərbi toqquşmalara isə başqa ölkələrin ərazisində rast gəlirik. Daha doğrusu, İran və İsrailin bir-birlərinin Suriyadakı mövqelərinə, hərbi obyektlərinə zərbələr enidirirlər. Bununla yanaşı, İran İsrailə qarşı Livan, Fələstin, Misir, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrini dəstəkləyir. İsrail isə İrana qarşı ABŞ, Böyük Britaniya, Fransa, Almaniya kimi qlobal güclər ilə ciddi koalisiya yaratmağa nail olub. Rəsmi Tehrana qarşı tətbiq olunan sanksiyalarda bu amilin də ciddi rol oynadığını qeyd etmək lazımdır. İndi də bu situasiyanı müşahidə edirik. İsrail-HƏMAS müharibəsində hansı ölkənin kimə dəstək verdiyini görəndə eyni mənzərə ortaya çıxır.

Nəticə etibarilə, yaxın zamanda İsrail-İran arasında müharibə və ya hansısa hərbi qarşıdurma gözlənilmir. Ən kəskin ehtimal olaraq tərəflərin Suriyada, Livanda və ya Qəzzada müəyyən mənada qarşı-qarşıya gələcəyi proqnozlaşdırıla bilər. O da ki, iki ölkənin birbaşa deyil, dolayı yolla toqquşması kimi səciyyələnə bilər. Lakin İranın İsrailə, İsrailin isə İrana birbaşa zərbələr endirməsi, bir-birlərinin sərhədlərini keçməsi kimi ehtimalın müzakirə mövzusu belə olmadığı açıq şəkildə görünür. 

Hazırda İran HƏMAS-ı dəstəkləyərək İsraili zəiflətməyə çalışır. İsrailin isə hədəfi HƏMAS-ı məhv edərək, Qəzzanı tamamilə nəzarətə götürməkdir. Bu səbəbdən də İsrail-HƏMAS müharibəsinin bir müddət daha davam edəcəyi gözlənilir. Hətta bəzi ekspertlər bunun Rusiya-Ukrayna müharibəsi kimi uzana biləcəyini belə düşünürlər...

Pərviz

0