Polşa Seymindəki Konfederasiya fraksiyasının rəhbəri Kşiştof Bosak bildirib ki, bəzi Qərbi Avropa ölkələrinin "qismən islamlaşması" reallığa çevrilib, son həftələr bir çox ölkədə Fələstin tərəfdarı nümayişlər keçirilib.
HİT.az-ın məlumatına görə, parlamentari qeyd edib ki, bu fonda Varşava miqrasiya siyasətini dəyişməlidir.
"Biz immiqrasiya siyasətimizi mütləq sərtləşdirməliyik. Biz mədəniyyət dairəmizə aid olmayan insanların Polşaya daxil olub burada məskunlaşmasına icazə verə bilmərik”, deyə Bosak bildirib.
O vurğulayıb ki, Qərb ölkələrinin hakimiyyət orqanları Avropada olan milyonlarla xarici əhaliyə nəzarət etmək imkanına malik deyil.
Bundan əvvəl İtaliyanın baş naziri Corci Meloni Avropa İttifaqına (Aİ) qeyri-qanuni miqrasiya ilə ittifaqda artan terror təhlükəsi arasında əlaqə olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Avropa dövlətləri çox vaxt qeyri-qanuni miqrantların radikallaşması riskindən xəbərdar olmalıdırlar: “Terrorizmlə qeyri-qanuni miqrasiya arasında əlaqə olduğunu istisna edənlər və yanlış açıq qapı siyasətini davam etdirənlər yanıldılar".
Samir