Qərb ölkələrinin dövlətə yardımı dayandıracağı təqdirdə Ukrayna hökuməti B planı hazırlayıb.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının maliyyə komitəsinin rəhbəri Danil Getmantsev “Rada” telekanalına deyib.
B planı hazırlansa da, Kiyev xarici tərəfdaşların davamlı dəstəyinə əmindir. Jurnalistlər parlamentaridən maliyyələşmənin dayandırılacağı təqdirdə hakimiyyətin ehtiyat strategiya hazırlayıb-hazırlamadığını soruşublar. O, vurğulayıb ki, ölkə rəhbərliyinin B planı var.
"Ancaq mən sualı elə qoymazdım ki, yardım almadığımız halda hər hansı addım atmalıyıq, çünki biz hələ də kömək olacağına əminik”, deyə Getmantsev qeyd edib.
O, Qərbin müəyyən şərtlər daxilində dəstək verməyə başlaya biləcəyini istisna etməyib. Xüsusilə, söhbət Ukrayna hökumətinin aldığı pullara nəzarətdən gedir.
Bundan əlavə, qanunverici ABŞ və onun müttəfiqlərinin maliyyələşdirmə həcmində mümkün dəyişikliyə diqqət çəkib. Bununla belə, o bildirib ki, kömək mütləq olacaq və səlahiyyətlilər bunun üzərində fəal işləyirlər.
Eyni zamanda, deputat maliyyə sektorundakı kifayət qədər çətin vəziyyətdən danışıb. Onun sözlərinə görə, Ukraynanın 2024-cü il büdcəsində Qərbdən 42 milyard dollar məbləğində pul yardımı nəzərdə tutulub. Amma indi bu məbləğin cəmi 15 milyard dolları Avropa Komissiyasından (AK) və Beynəlxalq Valyuta Fondunun (BVF) proqramı çərçivəsində alınıb.
"Bizim ABŞ-dan gələn il üçün hələ də zəmanətli yardımımız yoxdur. Başa düşürük ki, bu dəstək olmadan bizim üçün çox çətin olacaq”, deyə Getmantsev bildirib.
Aydın