İsraillə qarşı genişmiqyaslı müharibə olacaq? - "Hizbullah"dan açıqlama

DÜNYA
23:23 / 03.11.2023
535

Livanın "Hizbullah" şiə hərəkatının lideri Həsən Nəsrullah İsraillə genişmiqyaslı müharibə ehtimalını real adlandırıb. 

HİT.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“Bu cəbhənin daha da eskalasiyaya və ya genişmiqyaslı müharibəyə keçməsi ehtimalı ilə bağlı narahatlıq var. Bu ehtimal realdır, ola bilər”, deyə Həsən Nəsrullah bildirib.

O, həmçinin İsraili bütün bunları nəzərə almağa çağırıb.

Həsən Nəsrullah rəhbərlik etdiyi qurumun İsrail Müdafiə Qüvvələrinin (IDF) bir hissəsini Livanla sərhədə çəkdiyini bildirib. Onun sözlərinə görə, "Hizbullah" özünü təhlükə və riskə məruz qoyur, lakin bu risk “faydalı və zəruridir”, çünki hərəkat İsrail ordusunun 1/3-ni Livan sərhədinə çəkə bilib.

Noyabrın 3-də "Hizbullah" lideri Həsən Nəsrullah Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda çıxış edib. O, ABŞ-a xəbərdarlıq edərək, bu gün Qəzzada əməliyyatların dayandırılmasını tələb edib. Həsən Nəsrullah həmçinin HƏMAS-ın İsraili işğalını doğru addım adlandırıb.

Livan səlahiyyətliləri daha əvvəl müharibəyə girmək istəmədiklərini vurğulamışdılar. Ölkənin baş naziri Nəcib Mikati Livan döyüşlərə başlayacağı təqdirdə Yaxın Şərqin xaosa qərq olacağını bildirib.

“The New York Times” Livan hökumətindəki mənbələrə istinadən yazıb ki, "Hizbullah" Yaxın Şərqdə İsrail və HƏMAS arasında qarşıdurmaya müdaxilə edə bilər. Nəşrin fikrincə, qrup üçün qırmızı xətt onların fələstinli həmkarlarının ciddi zəifləməsi olacaq.

Samir

0