Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranı Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaq üçün radikal HƏMAS qruplaşmasına təsirindən istifadə etməyə çağırıb.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Mətndən məlum olur ki, Kleverli bir gün əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla danışıb. Nazir bildirib ki, Tehran uzun illərdir dəstəklədiyi HƏMAS və "Hizbullah"ın hərəkətlərinə görə məsuliyyət daşıyır.
Kleverli həmçinin bildirib ki, Britaniya əhalisinə qarşı təhdidlər qəbuledilməzdir. Nazir vurğulayıb ki, buna son qoyulmalıdır.
Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İDF-nin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında silahlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.
Samir