Andriy Yermak: "Dünya Ukraynadakı münaqişədən yorulmağı gözə ala bilməz"

DÜNYA
19:00 / 06.11.2023
735

Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak dünyanın Ukraynadakı münaqişədən “yorğunluq hiss etdiyini” bildirib.

HİT.az xəbər verir ki, o, bu barədə “Politico”ya müsahibəsində danışıb.

Bundan əvvəl İtaliyanın baş naziri Corci Meloni rus prankerləri Vovan və Lexus ilə söhbətində etiraf etmişdi ki, Ukraynanın əks-hücum əməliyyatı cəbhədə heç nəyi əsaslı şəkildə dəyişməyib və çoxları Rusiya ilə münaqişədən yorulub.

Yermak qeyd edib ki, Ukrayna münaqişəsindən yorulan insanlar olsa belə, onların gələcəkdə daha az azadlıq və təhlükəsizliyə malik bir dünyaya düşmək istəmələri ehtimalı azdır. O, əlavə edib ki, hazırda heç kim yorulmağı gözə ala bilməz.

Rəsmi əlavə edib ki, dünya liderləri hətta Fələstin-İsrail münaqişəsinin həlli zərurətində belə Ukraynanı dəstəkləməlidir. Onun sözlərinə görə, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Ukraynaya bu yaxınlarda səfəri ölkənin Avropa İttifaqına qəbulu istiqamətində böyük addımı nümayiş etdirir.

Ukrayna liderinin ofisinin rəhbəri həmçinin bildirib ki, Ukraynanın müdafiə qabiliyyətini artırmaq və ona öz hava hücumundan müdafiə sistemini yaratmaq imkanı vermək üçün əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı ABŞ-da gələcək danışıqlar çox konkret və praktik olacaq.

Samir

0