Kılıçdaroğlu niyə məğlub oldu?

DÜNYA
18:16 / 06.11.2023
576

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) Kamal Kılıçdaroğlu dövrü başa çatdı.

O, qurultayda Özgür Özələ 276 fərq səslə məğlub oldu. Bununla da Kılıçdaroğlunun 13 illik dönəmi bitdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşısında çıxdığı bütün seçkilərdən məğlubiyyətlə ayrılan Kılıçdaroğlunun CHP liderliyindən gedişi də yaddaqalan oldu. Belə ki, CHP tarixində ilk dəfə bir sədr qurultayda məğlubiyyətə uğradı. 

Kılıçdaroğlu 28 mayda keçirilən prezident prezidenti seçkilərində Ərdoğana məğlub olmasının ardından 4 noyabrda da qurultayda uduzdu. O, bir ildə iki böyük məğlubiyyət alaraq siyasi karyerasını faktiki olaraq yekunlaşdırdı.

Bəs Kılıçdaroğlunun məğlubiyyətinin əsas səbəbləri nələrdir?
İlk növbədə may ayında keçirilən parlament və bələdiyyə seçkilərindəki məğlubiyyətdən sonra Kamal Kılıçdaroğlunun istefasının tələb olunduğunu qeyd etmək lazımdır. Çünki bəzilərinə, xüsusilədə müxalifətə görə tarixin ən güclü müxalif ittifaqı qurulmuşdu. Belə ki, 6 partiya -  Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Gələcək Partiyası, Demokratiya və Sıçrayış Partiyası, Səadət Partiyası və Demokrat Partiyası bir araya gələrək "Millət İttifaqı"nı formalaşdırdı. Həmçinin, Xalqların Demokratik Partiyası (HDP), Zəfər Partiyası və digər kiçik partiyalar da Kılıçdaroğlunu prezidentlik yolunda dəstəklədilər. Amma o, bütün bu dəstəyə rəğmən seçilə bilmədi və ardınca sərt təpkilər başladı. Təpkilərin əsas səbəbi isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın anketlərdə Kılıçdaroğludan çox səs toplamasına rəğmən onların namizədliyinin irəli sürülməməsi oldu. CHP lideri israrla bələdiyyə sədrlərini prezidentliyə namizəd göstərmədi. Bəlkə onlar da məğlub olacaqdı, amma Kılıçdaroğlunun öz namizədliyində israr etməsi və məğlub olması onu hədəfə gətirdi. 

Üstəlik, onun seçki ərəfəsində Azərbaycan əleyhinə çıxışlar etməsi də sərt tənqidlərə məruz qalmışdı. Həmçinin, bunun kimi bir çox açıqlamaları və addımları da uzun müddət təpki çəkmişdi. Bununla yanaşı, səsi 1 faiz belə olmayan partiyaların sədrlərinə vitse-prezidentlik, digər partiyalarla nazirliklər vəd etməsi, habelə 39 deputat yerinin digər partiyalara verilməsi də xeyli söz-söhbətlərə səbəb oldu.

Bütün bunların fonunda gələn məğlubiyyətin ardından isə Kılıçdaroğlu öz partiyasında "istənilməyən adam" oldu. Əkrəm İmamoğlu və CHP-nin Qrup sədri Özgür Özəl açıq şəkildə ona qarşı çıxaraq dəyişiklik tələb etdilər. Lakin Kılıçdaroğlu istefa verməyi rədd etdi. Qurultaya qədər olan müddət ərzində isə Özəl-İmamoğlu tandemi güclənərkən, Kılıçdaroğlunun nüfuzu hər keçən gün zəiflədi. Kılıçdaroğluna "namizəd olma" çağırışları olsa da, o, bunların hamısını rədd etdi. Hətta seçkinin ikinci turunda belə Kılıçdaroğlunun namizədlikdən çəkilməsi istənildi, amma o, sona qədər mübarizə aparmağı seçdi.

Nəticədə, qurultaydakı hər iki turda da 13 ildir CHP-ni idarə edən Kamal Kılıçdaroğlu Özgür Özəli keçə bilmədi. Belə ki, Kılıçdaroğlu ilk turda 664, Özəl isə 682 səs topladı. Özələ seçilmək üçün sadəcə 2 səs çatmadı. Artıq bu nəticə Kılıçdaroğlunun dönəminin bitdiyini göstərirdi. Elə də oldu. İkinci turda Özgür Özəl tarixi nəticə ilə CHP-nin yeni sədri oldu. Özəlin topladığı 812 səsə qarşı, Kılıçdaroğlu sadəcə 536 səs qazana bildi.

Bu nəticə bir çoxları üçün sürpriz olsa da, əksəriyyət üçün gözlənilən idi. Çünki Kılıçdaroğlu son 10 ayda atdığı addımları və verdiyi açıqlamaları ilə tamamilə yanlış strategiya yürütdü. O, bir növ özünün siyasi karyerasının sonunu hazırladı. 

Əslində maydakı seçkilərdən sonra Kılıçdaroğlunun keçiriləcək ilk qurultayda məğlub olması bəlli idi. Məhz bu səbəbdəndir ki, o, qurultayın vaxtını maksimum gecikdirməyə çalışdı. Lakin nə qədər gec də olsa, Kamal Kılıçdaroğlu məlum sondan qaça bilmədi və ağır məğlubiyyətə uğradı...

Pərviz

0