Bəzi amerikalı diplomatlar hesab edir ki, prezident Co Bayden administrasiyası Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsə çağırmalı və İsrail ordusunun taktikasını pisləməlidir.
Hit.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri özəl mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamentinin rəsmiləri Bayden administrasiyasının Fələstin-İsrail münaqişəsinə münasibətini kəskin tənqid ediblər.
“Politico”nun fikrincə, bu, orta və aşağı səviyyəli amerikalı diplomatlar tərəfindən hazırkı administrasiyaya inamın azalmasından xəbər verir. Nəşr hesab edir ki, bu cür daxili fikir ayrılıqları güclənməkdə davam edərsə, Bayden administrasiyası Yaxın Şərqdə siyasətin qurulmasında artan çətinliklərlə üzləşəcək.
Qeyd olunur ki, memorandumu imzalayan Dövlət Departamenti əməkdaşlarının dəqiq sayı məlum deyil.
Notanın müəllifləri hesab edirlər ki, Vaşinqton hərbi əməliyyatların aparılmasında beynəlxalq normalara əməl etmədiyinə görə İsraili ictimai qınaq obyektinə çevirməlidir. Diplomatlar bildirirlər ki, ABŞ Qəzza zolağında atəşkəs çağırışlarını dəstəkləməlidir. Sənəddə deyilir ki, rəsmi Vaşinqtonun İsrailin fələstinli mülki şəxslərə hücumlarını qınamaması ABŞ-ın özünün müdafiə etdiyi qaydalara əsaslanan beynəlxalq nizama şübhələr yaradır.
Samir