Rusiya Prezidenti Vladimir Putinin gələn il keçiriləcək seçkilərdə də namizəd olması gözlənilir.
Artıq bir çox mənbə Kreml rəhbərinin prezident seçkilərində iştirak etmək üçün namizədliyini elan edəcəyinə dair xəbərlər yayıb. Düzdür, Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinin hələ bu barədə heç bir açıqlama vermədiyini diqqətə çatdırıb. Lakin onun namizəd olmayacağını deməyib. Görünən odur ki, Vladimir Putin növbəti dönəm üçün namizədliyini yaxın zamanda bəyan edəcək.
Analtiklər isə hesab edirlər ki, 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkiləri formal xarakter daşıyacaq. Çünki Putin namizəd olacağı təqdirdə yenidən qalib gəlmə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Həqiqətən Rusiyada keçiriləcək prezident seçkiləri formal xarakter daşıyacaq?
Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, demokratik yollarla keçirilməyən seçkilər formal xarakter daşıyır:
"Xüsusən də bu gün diktaturanın başında Rusiyanın durduğunu nəzərə almaq lazımdır. Yəni Rusiyada hər hansısa demokratik təsisatlar altında keçiriləcək seçkidən danışmaq olmaz. Sadəcə olaraq, belə dövlətlər dünyaya demokratik seçki keçirdiklərini göstərməyə çalışırlar.
Düşünürəm ki, gələn il Rusiyada keçiriləcək prezident seçkiləri hər zaman olduğu kimi yenə də formal xarakter daşıyacaq. Onsuz da Vladimir Putin özünü 2036-cı ilə qədər prezident görmək istəyir. Yəni o, belə bir məqamda postunu heç kimə verməz".
Ekspertin sözlərinə görə, əslində seçkinin olub-olmayacağı da sual doğurur:
"Çünki adətən müharibə aparan ölkədə seçki keçirilmir. Yəni Rusiya-Ukrayna müharibəsinin davam etdiyi vaxtda birmənalı olaraq gələn il Rusiyada prezident seçkilərinin keçiriləcəyini demək olmaz. Hətta seçkilərin keçirilməmə ehtimalı da var.
Ümumiyyətlə, Rusiyanın və Putinin gələcəyi ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Ona görə ki, bu gün dünya masasında Putinin taleyinin həll olunması ilə bağlı plan qurulub və o istiqamətdə də addımlar atılır".
Pərviz