Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkiləri üçün geriyə sayım davam edir.
Xüsusilə Cümhuriyyət Xalq Partiyasının (CHP) 31 martda hansı nəticələri göstərəcəyi indidən müzakirə mövzusuna çevrilib. Çünki sözügedən partiya "Millət İttifaqı"nin dağılması ilə faktiki olaraq, tək qalıb. Hazırkı vəziyyətə əsasən də CHP bələdiyyə seçkilərində təkbaşına mübarizə aparmaq məcburiyyətində qalacaq.
CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu yenidən müxalifət partiyaları ilə ittifaq qurmaq və bir masa ətrafına toplaşmağı hədəfləyirdi. Amma bu qurultaya qədər konkret olaraq ittifaq üçün heç bir partiya ilə razılaşa bilmədi. Lakin Kılıçdaroğlunun qurultayda məğlub olmasından sonra CHP-nin bələdiyyə seçkilərinə ittifaqla, yoxsa təkbaşına girəcəyi müzakirə olunmağa başlayıb.
Əslində ümumi nəticələrdən daha çox əsas şəhərlər hesab olunan paytaxt Ankara və İstanbulda qeydə alınacaq nəticələr daha çox əhəmiyyət kəsb edir. CHP 2019-cu il seçkilərində qazandığı Ankara və İstanbulu itirmək istəmir. Lakin bu dəfə qarşısında daha güclü rəqib var.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı" ilə birlikdə bütün şəhərlərdə qələbəyə iddialı olduğu görülür. Üstəlik, parlament və prezident seçkilərindəki zəfərdən də sonra AKP-nin mövcud reytinqi daha da yüksəlib. Nəzərə alınmalı digər faktor isə CHP-nin reytinqinin aşağı düşməsidir. Xüsusilə, 2019-cu ildə Binəli Yıldırım kimi nüfuzlu siyasətçini iki turda da məğlub edərək İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri seçilən Əkrəm İmamoğlu kifayət qədər populyar olmuşdu.
Lakin ötən illər ərzində vəziyyət dəyişdi. İmamoğlunun reytinqi aşağı düşdü, ondan narazı olan insanların sayı artdı. Bunun isə seçkilərə təsir edəcəyi aydındır. Üstəlik, CHP-nin təkbaşına mübarizə aparacağı seçkidə Əkrəm İmamoğlunun qazanıb-qazanmayacağı da sual altındadır.
Nəzərə almaq lazımdır ki, 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində CHP-nin Ankara və İstanbul kimi şəhərlərdə qələbə qazanmasında İYİ Partiya ilə ittifaq da mühüm rol oynamışdı. Gələn isə bu ittifaqın olmayacağını fərz etsək, CHP-nin qalib gəlmə ehtimalının müəyyən qədər azaldığını deyə bilərik.
Düzdür, Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın yenidən seçilmək şansları yüksək qiymətləndirilir. Buna baxmayaraq, AKP-nin İstanbul və Ankarada güclü namizədlə qələbə qazanmaq şansının yüksək olduğu proqnozlaşdırılır.
Hətta analtiklər hesab edirlər ki, CHP seçkilərə təkbaşına girəcəyi təqdirdə, İstanbulda məğlubiyyətə uğrayacaq, Ankarada da isə ən yaxşı halda ehtimallar yarı-yarıya olacaq. Məhz bu səbəbdir ki, CHP-nin yeni sədri Özgür Özəl də sələfi Kamal Kılıçdaroğlu kimi seçkilərə ittifaqla girmək istəyir.
Siyasi kulislərdə gəzən iddialara əsasən, CHP bələdiyyə seçkilərində ittifaqla mübarizə aparmaq üçün İYİ Partiya və digər partiyalarla müəyyən jestlər etməyə belə hazırdır...
Pərviz