Ukrayna hökuməti üçün böyük problem: Kütləvi ixtisar gözlənilir

DÜNYA
17:58 / 14.11.2023
565

ABŞ ölkəyə əlavə maliyyə yardımı göstərməsə, Ukrayna dövlət qurumlarında geniş miqyaslı ixtisarlarla üzləşmək riski ilə üzləşir. 

Hit.az xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən "Washington Post" qəzeti yazıb.

Materialda göstərilir ki, hazırda Ukraynada dövlət büdcəsidə kəsir yaranıb. Eyni zamanda, hökumətin və müxtəlif departamentlərin fəaliyyətinin saxlanması məsələsində Kiyev çoxdandır Vaşinqtonun köməyinə ümid edir.

“Ukrayna gələn il 35 milyard dollarlıq böyük büdcə kəsiri ilə üzləşəcək və bunun yalnız 1/3-nün digər əsas sponsor olan Avropa İttifaqı tərəfindən ödəniləcəyi gözlənilir”, deyə məqalədə qeyd edilir.

Qəzetin mənbələrinə görə, Amerika hakimiyyətinin iqtisadi yardımı olmadan Kiyevi böyük problemlər gözləyir. Rəsmilər maliyyə olmadığı təqdirdə Ukrayna rəhbərliyinin çoxlu sayda dövlət qulluqçusunu işdən çıxarmaq məcburiyyətində qalacağını istisna etməyib.

Bununla belə, Ukraynanın büdcə kəsirinin həcmi ilə bağlı proqnozlar daim dəyişir. Oktyabrın sonunda Ukraynanın baş naziri Denis Şmıxal 2024-cü ildə müharibə dövründəki büdcə kəsirini kompensasiya etmək üçün ölkənin xarici tərəfdaşlardan təxminən 42 milyard avroya ehtiyacı olacağını bildirib. Bundan başqa, hökumət başçısı humanitar və sosial xərclərin ödənilməsi üçün beynəlxalq maliyyələşdirmənin vacibliyini qeyd edib.

Noyabrın 6-da “Politico” qəzetinin Avropa bölməsi Ukraynanın maliyyə naziri Sergey Marçenkoya istinadən məlumat yayıb ki, ölkə rəhbərliyi gələn ilin büdcəsini təsdiq etməyə hazırlaşır. Bununla belə, nəşrə görə, Qərb dövlətlərinin köməyi olmadan Kiyev 29 milyard dollarlıq büdcə kəsiri ilə üzləşəcək.

Samir

0