İYİ Partiya nə etməyə çalışır?

DÜNYA
18:01 / 14.11.2023
407

Türkiyə siyasi cameəsində maraqlı proseslər yaşanmağa davam edir.

Son günlərdə İYİ Partiyanın sədri Meral Akşenerin 31 martda keçiriləcək bələdiyyə seçkilərinə təkbaşına qatılma qərarı xeyli müzakirə olunur. 

Maydakı parlament və prezident seçkilərindən sonra dağılan "Millət İttifaqı"dan ilk ayrılan olaraq diqqət çəkən İYİ Partiya fərqli addımlarına davam edir. Əslində o dönəm Akşenerin Cümhuriyyət Xalq Partiyası (CHP) ilə yeni bir ittifaq quracağı gözlənilirdi. Dönəmin CHP sədri Kamal Kılıçdaroğlu ilə Meral Akşener arasında bununla bağlı görüşlər də keçirildi. Lakin tərəflər arasında razılaşma əldə oluna bilmədi.

Mediaya yansıyan xəbərlərə əsasən, İYİ Partiyanın CHP-dəki böyük şəhərləri istəməsi Kılıçdaroğlunun narazılığına səbəb olmuşdu. Buna görə də Meral Akşener partiya üzvlərininə müraciət edərək gələn il keçiriləcək seçkilərdə təkbaşına mübarizə aparacaqlarını açıqlamışdı. 

Düzdür, tərəflər arasında hansısa formada yeni koalisiya qurulması gözlənilsə də, Kamal Kılıçdaroğlu sürpriz şəkildə qurultayda məğlub oldu. Ancaq onun qurultay zamanı Akşeneri hədəf alan çıxışları da gündəm oldu. Belə ki, Kılıçdaroğlu Akşenerin prezident seçkilərinin keçirilməsinə günlər qala "altılı masa"nı tərk edib, yenidən qayıtmasını "xəyanət" adlandırdı və hətta "kürəyində xəncərlərlə" seçkiyə girmək məcburiyyətində qaldığını bəyan etdi. Onun bu açıqlamasına isə Meral Akşener tərəfindən çox sərt təpki göstərildi. İYİ Partiya sədri Kılıçdaroğlunun qurultayda məğlub olması ilə isə "kral öldü" ifadəsi ilə lağ etdi.

Bütün bunlara baxmayaraq, CHP-nin yeni sədri Özgür Özəl də İYİ Partiya ilə münasibətlərə müsbət başlamadı. Üstəlik, Akşener Özəlin ilk çıxışını tənqid edərək seçkilərə təkbaşına girmə qərarından vazkeçmədiyini bəyan etdi. Halbuki, CHP-dəki sədr dəyişikliyinin ardından iki partiya arasında yeni razılıq əldə olunması gözlənilirdi.

Bəs İYİ Partiya təkbaşına qatılacağı seçkidə qələbə qazana bilər?

Analtiklər hesab edirlər ki, İYİ Partiyanın bələdiyyə seçkilərində heç bir böyük şəhərdə qələbə qazanması mümkün deyil. Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) kimi çox güclü rəqiblər qarşısında İYİ Partiyanın hər hansısa ciddi uğur əldə edəcəyi proqnozlaşdırılmır. 

Buna rəğmən, Meral Akşener cəmiyyət tərəfindən tanınan şəxsləri - müğənniləri, aktyorları, sabiq futbolçuları bələdiyyə sədrliyi üçün namizəd göstərir. Əlbəttə ki, buradakı əsas məqsəd sözügedən şəxslərin populyarlığından istifadə edərək müəyyən nəticə əldə etməkdir. Bu fərqli taktikanın nə dərəcə işə yarayıb-yaramayacağını isə zaman göstərəcək. Ümumiyyətlə, İYİ Partiya cəbhəsindəki fikir odur ki, bu seçki ilə özlərinin təkbaşına güclərini və reytinqlərin müəyyən etsinlər. Yəni onlar da seçkilərə qələbə hədəfi ilə girmirlər.

Pərviz 

 

0