Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib ki, qurum ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin 2022-ci ilin may ayından həbsdə olduğu klinikadan həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir.
Hit.az xəbər verir ki, bu barədə Newsgeorgia.ge portalı məlumat yayıb.
"Onun səhhəti yaxşılaşıb, biz buna sevinirik və həkimlərdən müvafiq tövsiyələr olduqda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək", deyə Breqadze bildirib.
Onun bəyanatı Avropa Xalq Partiyasının (AXP) Tbilisidən Saakaşvilini səhhətində yaranan problemlərə görə azad etməyə çağıran qətnamə qəbul etməsi fonunda səslənib.
Saakaşvili bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında Gürcüstana qayıdıb. Nəticədə Gürcüstanın keçmiş rəhbəri həbs edilib. Saakaşvili həbsini siyasiləşdirilmiş adlandırıb. O, hətta aclıq aksiyasına da başlayıb. Sonradan siyasətçinin səhhəti xeyli pisləşib, keçən ilin mayında müayinə üçün həbsxanadan Tbilisi klinikasına köçürülüb. Vəziyyətinə baxmayaraq, o, Gürcüstan siyasətində iştirak etməyə hazır olduğunu dəfələrlə bəyan edib.
Samir