Estoniya Mühafizəkar Xalq Partiyası (EKRE) ərinin Rusiya biznesi ilə bağlı qalmaqala düşən baş nazir Kaya Kallasa etimadsızlıq səsverməsi məsələsində Vətən Partiyasının (İsamaa) təşəbbüsünə qoşulmaq qərarına gəlib.
Hit.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.
Estoniya Mühafizəkar Xalq Partiyasının sədr müavini Henn Polluaas bildirib ki, bu qərar partiya rəhbərliyinin son iclasının nəticələrinə əsasən qəbul edilib.
"Kaya Kallas öz vəzifəsində qala bilməz. Biz ona etimadsızlığı ifadə edən bəyanat imzalayacağıq”, deyə Polluaas bildirib.
O qeyd edib ki, EKRE bu bəyanatı hökumət başçısına qarşı konkret iddiaların siyahısını daxil etmək istəyir.
ERR xatırladır ki, bir gün əvvəl Vətən Partiyası parlamentdə təmsil olunan digər siyasi qüvvələrlə baş nazirə etimadsızlıq səsverməsinə başlamaq üçün danışıqlara başlayıb.
Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kallas özü ərinin işi haqqında demək olar ki, heç nə bilmədiyini təkid edir.
Daha sonra Kaya Kallas bildirib ki, əri Rusiya ilə işləməyə davam edən "Stark Logistics"in payını “bir sendviç qiymətinə" satıb.
Samir