Amerika rəsmiləri Vaşinqtonu İranın Suriyadakı mövqelərinin atəşə tutulmasını artırmağa çağırdı

DÜNYA
16:40 / 16.11.2023
649

Amerika rəsmiləri ABŞ-ı bu ölkədəki Amerika bazalarına hücumlara cavab olaraq İranın Suriyadakı mövqelərini atəşə tutmağı gücləndirməyə çağırıb. Hit.az xəbər verir ki, bu barədə “Semafor” portalı yazır.

Bir sıra hazırkı və təqaüddə olan ABŞ rəsmiləri mətbuata bildiriblər ki, Pentaqonun hücumlara susdurulmuş cavabı ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun qırmızı xətlərini və effektivliyini zəiflədir və İranın dəstəklədiyi qrupları daha çox cəsarətləndirir.

"Bu rəsmilər iddia etdilər ki, Pentaqon birbaşa İrana hücum etmədən İraq, Suriya və Yəməndə SEPAH-ın hərbi infrastrukturunu zərərsizləşdirmək üçün daha aqressiv səy göstərməli, həmçinin Tehranın İrandan kənarda hərbi əməliyyatlarını pozmaq üçün kiber əməliyyatlar keçirməlidir", deyə "Semafor" yazır.

İranın dəstəklədiyi qrupların 5 həftə ərzində İraq və Suriyadakı ABŞ bazalarını 45 dəfə atəşə tutduğu bildirilir.

ABŞ-ın Suriyadakı mövqelərinə raket və dron hücumları oktyabrın 13-dən mütəmadi olaraq həyata keçirilir.

Oktyabrın 27-də ABŞ İranın Suriyadakı mövqelərinə hücum edib. Eyni zamanda, oktyabrın 24-də və noyabrın 6-da Dövlət Departamentinin rəhbəri Entoni Blinken ABŞ-ın İranla müharibə istəmədiyini, lakin Suriyadakı obyektlərini və şəxsi heyətini qoruyacağını bildirib.

Noyabrın 16-na keçən gecə ABŞ-ın Suriyanın Deyr ər-Zor əyalətindəki Ömər neft yatağındakı bazası atəşə tutulub. Bundan əvvəl noyabrın 14-də bu bazaya raket hücumu barədə məlumat verilmişdi.

Samir

0