Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qərb Qəzzada vəziyyətin həllinə kömək etməyə hazır olduğunu nümayiş etdirmir.
HİT.az xəbər verir ki, onun sözlərinə görə, istisna İspaniyadır.
Türkiyə lideri hesab edir ki, bütün digər Avropa ölkələri Fələstindəki vəziyyətə susur və qırğını dayandırmaq üçün müdaxilə etməyə cəhd göstərmir.
Qeyd edək ki, ötən gün HƏMAS-la İsrail arasında 4 günlük atəşkəs olunub. Razılaşmaya əsasən, bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. İsrail isə buna paralel olaraq fələstinli məhbuslardan bəzilərini azadlığa buraxmalıdır. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək.
Girovları azad etmək üçün İsrailin HƏMAS-la razılaşması iki mərhələdən ibarət olacaq. Əvvəlcə HƏMAS 4 gün ərzində 50 nəfəri, daha sonra 3 gün ərzində xarici vətəndaşlar da daxil olmaqla 30-a qədər adamı azad edəcək.
Oktyabrın 7-də HƏMAS "Əl-Əqsa tufanı" əməliyyatına başladığını elan etdikdən sonra minlərlə yaraqlının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrailin “Dəmir Qılınclar” əməliyyatının cavab məqsədi hücumu dəf etmək, xaricilər də daxil olmaqla 200-dən çox girovu azad etmək və HƏMAS-ı məhv etmək olub. Bu məqsədə çatmaq üçün İsrail əməliyyatın ilk günündən Qəzza zolağına kütləvi raket hücumları həyata keçirib.
Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Şurası sektora su, ərzaq, mal, elektrik və yanacaq tədarükünün dayandırılmasına qərar verib. Qəzzaya humanitar yardımların çatdırılması yalnız oktyabrın 20-dən sonra Rəfah keçid məntəqəsi vasitəsilə həyata keçirilməyə başlayıb və onların həcmi qeyri-kafi adlandırılıb.
Samir