Qərb Ukraynaya dəstəyini dayandırır? - "Zelenski də bunu görür"

DÜNYA
17:52 / 22.11.2023
606

"Son zamanlarda Ukraynada baş verən proseslərlə bağlı pessimist fikirlər səsləndirilir".

Bunu Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında deyib.

O diqqətə çatdırıb ki, bu gün Ukrayna Qərb ölkələrindən əvvəlki dəstəyi ola bilmir:

"Buna görə də Ukrayna ordusunda və hakimiyyətində ruh düşkünlüyü müşahidə olunur. Hətta Ukrayna Prezidenti Volodomir Zelenskinin müqəddəratı və taleyi ilə bağlı bir neçə versiya irəli sürülüb. Təbii ki, bütün bunlar üçün ciddi əsaslar var. Çünki Ukraynada baş verən proseslər kollektiv Qərb üçün arxa plana keçib. Bunu Yaxın Şərqdə baş verən proseslərlə də əlaqələndirənlər var. 

Düşünürəm ki, Yaxın Şərqdə baş verənlər kollektiv Qərbin əlinə Ukraynadakı prosesləri səngitmək üçün bəhanə verir. Nəzərə almaq lazımdır ki, bəzi Qərb dövlətləri Ukraynaya maddi, humanitar, hərbi və digər dəstək verməkdən yorulduqlarını nümayiş etdirirlər. Bu da Ukrayna ilə bağlı bəzi pessimist proqnozları gündəmə gətirir". 

338376

Xəyal Bəşirov bəzi ehtimallardan da söz açıb:

"Onlardan biri Rusiyanın yaxın zamanda qələbə qazandığını elan edəcəyi versiyadır. Ukraynanın məğlubiyyəti isə Zelenskinin ya hakimiyyətdən getməsi, ya öldürülməsi, ya da ölkədən qaçması ehtimalında mümkün olacaq. Hətta Zelenskinin hansısa Qərb dövlətində sığınacaq alacağı iddia olunur. Bütün bu fikirlərin arxasında əsaslı məqamlar durur.

Fikrimcə, Zelenskinin hakimiyyətdən getmə versiyası da reallaşa bilər. Ümumiyyətlə, onun hakimiyyətdə qalıb-qalmaması müharibənin gedişindən asılı olacaq. Üstəlik, Ukraynanın daxilində baş verəcək siyasi proseslərin hamısı döyüş meydanında həllini tapacaq".

Ekspertin sözlərinə görə, Qərb ölkələrin Ukraynaya dəstəyi azaltması və qarşıdan gələn soyuq qış ayları bu prosesə ciddi təsir göstərə bilər:
"Ukraynaya verilən silahlar da ciddi dönüş etmək üçün yetərli deyil. Rusiya-Ukrayna müharibəsinə "dirijor"luq edən və müharibənin Ukrayna tərəfindən taleyini həll edən Qərb ölkələridir. Onlar, proseslərdə hansısa dəyişiklik etmək və bütün problemləri Zelenskinin üzərinə yıxmaq siyasəti yürüdüblər. Düşünürəm ki, Zelenski hakimiyyətdən getsə və ya bunun üçün şərait yaransa Rusiya-Ukrayna müharibəsi indiki vəziyyətdə bitə bilər. 

Hətta bütün bu proseslərin Zelenski iqtidarı tərəfindən yaradılması görüntüsü yaradıla bilər. Əgər döyüş meydanda proseslər Ukraynanın xeyrinə olmasa, versiyalardan hansısa reallaşa bilər. Üstəlik, Zelenski son günlərdə Qərbdən dəstək almayacaqları təqdirdə, geri addım ata biləcəkləri barədə açıqlamalar verir. Bu da Ukrayna Prezidentinin özünün də həmin prosesin işartılarını gördüyü göstərir". 

Pərviz

0