Paşinyana qarşı etimadsızlıq səsverməsi keçirilə bilər? - "Hakimiyyət dəyişikliyinin..."

DÜNYA
14:43 / 23.11.2023
457

Ermənistanın Baş naziri Nikol Paşinyanı hakimiyyətdən göndərmək üçün daha bir addım atılıb. 

Belə ki, “Miasin” ictimai-siyasi hərəkatı Paşinyana etimadsızlıq səsverməsi ilə bağlı konstitusiya prosesinə başlamaq niyyətindədir. Buna görə parlament müxalifətinə müraciət etmək niyyətində olduqlarını da açıqlayıblar. Ermənistan müxalifəti parlamentdə azlığı təmsil etsə də, bu addımın atılması diqqət çəkib. 

Ümumiyyətlə, Nikol Paşinyanın etimadsızlıq səsverməsi nəticəsində hakimiyyətdən uzaqlaşdırılma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev bildirib ki, əslində Nikol Paşinyanın etimadsızlıq yolu ilə hakimiyyətdən göndərilməsi bugünün məsələsi deyil:

338449

"Bu məsələ Ermənistan müxalifəti tərəfindən zaman-zaman qaldırılıb. Xüsusilə, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlub olması bu mövzunu gündəmə gətirdi. Lakin 19 sentyabrda Azərbaycan Ordusunun lokal antiterror tədbirləri nəticəsində qeyri-qanuni erməni silahlarının Qarabağı tərk etməsi sanki Paşinyana müxalif qüvvələr üçün fürsət oldu. Ona görə də erməni müxalifəti Paşinyana qarşı etimadsızlıq səsverməsi keçirilməsi məsələsini yenidən gündəmə gətirib". 

Politoloq qeyd edib ki, bu gün Ermənistan müxalifətinin, xüsusilə Serj Sarkisyan və Robert Köçəryan elektoratının arxasında Moskva dayanır:

"Paşinyan iqtidarının arxasında isə Vaşinqton, Paris və Brüssel üçbucağı durur. Bu isə o deməkdir ki, Ermənistanda iqtidar-müxalifət arasında deyil, Rusiya ilə Qərb arasında mübarizə gedir. Düşünürəm ki, Ermənistan müxalifəti etimadsızlıq səsverməsi ilə Paşinyanı iqtidardan devirə bilməyəcək. Ona görə ki, Qərb nəyin bahasına olursa-olsun Paşinyan hakimiyyətinin davam etməsində maraqlıdır".

Ekspertin sözlərinə görə, Paşinyan Qərbin layihəsidir:

"Qərb onun vasitəsilə Rusiyanı Ermənistandan çıxarmaq istəyir. Üstəlik, bu layihə tam yekunlaşmayıb. Ona görə də müxalifətin və Moskvanın dəstəyi ilə Ermənistanda etimadsızlıq səsverməsi ilə hakimiyyət dəyişikliyinin baş verəcəyi inandırıcı görünmür". 

Pərviz

0