Ermənistan Rusiyadan vazkeçir? - RƏY

DÜNYA
12:54 / 28.11.2023
422

Rusiya ilə Ermənistan arasındakı gərginlik hər həftə daha da artır.

Hətta Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağı iddiaları yayılmağa başlayıb. Üstəlik, Nikol Paşinyan hakimiyyətindəki şəxslərdən də bu ehtimalla bağlı dolayı yolla açıqlamalar verilir. 

Ermənistanın KTMT-nin son təlimlərinə və iclaslarına qatılmaması da diqqət çəkir. Həmçinin, İrəvan hakimiyyətinin Roma Statutunu təsdiqlədiyini də unutmaq olmaz. 
 
Maraqlıdır, Ermənistan Rusiyadan vazkeçir? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən politoloq Rusif Məmmədsoy bildirib ki, bu gün Rusiya və Ermənistan arasındakı münasibətlər gərgindir:

338775

"Ermənistan Roma Statutunu ratifikasiya etdikdən sonra hakimiyyət tərəfindən KTMT-dən çıxa biləcəkləri yönündə açıqlamalar verir. Amma bu, o qədər də asan məsələ deyil. Əslində KTMT-dən çıxmaq deyil, ondan sonra baş verəcəklər problemdir. Hətta Nikol Paşinyan Ermənistanı Suriyaya döndərə bilər. Yəni Ermənistan Rusiya-Qərb qarşıdurmasının növbəti meydanına çevrilməyə doğru sürətlə irəliləyir". 

Politoloqun sözlərinə görə, rəsmi İrəvan 30 il öncə etdiyi səhvi yenə də durmadan təkrar edərək Qərbin əlində bir alətə çevrilib:

"Heç bir dənizə çıxışı olmayan Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaq əvəzinə Fransa və ABŞ-dan mədət umur. Ancaq daimi sülh üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq lazımdır. Digər ölkələri bura cəlb etməyə ehtiyac yoxdur. 

İrəvanla Moskva arasındakı məsələlər də eynidir. Ermənistan faktiki olaraq, Rusiyanın forpostudur. Yəni bu ölkənin sərhədlərini və hava məkanını Rusiya qoruyur. Həmçinin, Ermənistanın iqtisadiyyatının 80 faizi Rusiyadan asılıdır. 

Eyni zamanda, 2 milyondan artıq erməni Rusiyada yaşayır. Onların da geri göndərilməsi İrəvan hakimiyyəti üçün fəlakətə bərabər ssenaridir. Bu gün rəsmi rəqəmlərə əsasən Ermənistanda 2,7 milyon insan yaşayır. Bir o qədər də insanın ölkəyə gəlməsi nəticəsində xaos olar. Yəni bütün bunlara görə Ermənistanın Rusiyadan bu qədər rahatlıqla vazkeçməsi real görünmür". 

Pərviz

0