Moldova ATƏT-in sammitində Rusiyadan nə tələb edəcək?

DÜNYA
22:02 / 29.11.2023
598

Moldovanın xarici işlər naziri Niku Popesku bildirib ki, Kişinyov nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclasında Rusiyaya öz qoşunlarını Dnestryanıdan çıxarmaq üçün sərt çağırış edəcək. 

HİT.az xəbər verir ki, bu barədə "NewsMaker" portalı nazirin sosial şəbəkələrinə istinadən yazır.

Popeskunun sözlərinə görə, onun ölkəsi “bir daha ölkədə qeyri-qanuni mövcud olan rus qoşunlarının çıxarılmasına güclü çağırış edəcək, həmçinin Dnestryanı münaqişənin sülh yolu ilə həllinin vacibliyini müzakirə edəcək”.

Xarici işlər naziri həmçinin “prosesin növbəti mərhələlərində Moldovanın Aİ-yə üzvlüyünə tam dəstəyin təmin edilməsi üçün Aİ üzv ölkələrindən olan həmkarları ilə bir neçə ikitərəfli görüşlər keçirəcəyini” açıqlayıb.

Bundan əvvəl Avropa Komissiyası Ukrayna və Moldova ilə onların Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamağa çağırıb. Aİ-nin ali icra orqanı da Kiyev və Kişinyovun həyata keçirməsi üçün zəruri olan bir sıra şərtlər irəli sürüb. Beləliklə, onlar Ukraynadan korrupsiyaya qarşı mübarizəni davam etdirməyi və milli azlıqların hüquqlarının müdafiəsinə yönəlmiş islahatları, Moldovadan isə məhkəmə sistemində islahatları və “deoliqarxizasiyanı” davam etdirməyi tələb edirlər.

Tanınmamış Dnestryanı Moldova Respublikasında Rusiya qoşunları sülhməramlı adı ilə yerləşdirilib. Moldovanın hazırkı prezidenti Maya Sandu Rusiya sülhməramlılarının ATƏT nümayəndələri ilə əvəzlənməsini və qoşunların Kolbasnadan çıxarılmasının tərəfdarıdır.

Samir

0