ABŞ dövlət katibi Entoni Blinken maraqlı açıqlama verib.
O, Rusiyanın NATO-ya hücum edə və ABŞ-ı daha geniş müharibəyə sürükləyə biləcəyini deyib. Təbii ki, Blinkenin sözügedən açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Ümumiyyətlə, bu açıqlama nə dərəcədə həqiqətə uyğundur? Məgər Rusiya NATO-ya hücum edə bilər?
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı HİT.az-a açıqlamasında bildirib ki, hal-hazırda respublikaçılar Senatda və Konqresdə Ukraynaya yardımın davam etdirilməsinin qarşısını alırlar:
"Üstəlik, indiki vəziyyətdə Ukraynanın silahlandırılması ilə bağlı ciddi problemlər var. Əgər hərbi yardımlar dayansa, Ukrayna müharibədə məğlub olacaq. Bu, aydındır. O zaman xoşagəlməz situasiya yaranacaq və Rusiya istəyinə qismən də olsa nail olacaq. Düşünürəm ki, Entoni Blinken bu fikri məhz bu problemi həll etmək məqsədi ilə həm ABŞ ictimaiyyətinə, həm də respublikaçılara təsir etmək üçün deyib. Bu, çox önəmli məqamdır və məsələ yalnız Ukrayna deyil.
Burada ABŞ, Avropa və NATO məsələsindən söhbət gedir. Ona görə də respublikaçılar demokratlarla olan siyasi rəqabəti kənara qoyaraq, Ukraynaya dəstək vermək üçün hərbi yardımla bağlı qanun layihəsinə səs verməlidirlər. Yəni mən bu açıqlamanı təzyiq vasitəsi kimi dəyərləndirirəm".
Onun sözlərinə görə, Rusiyanın NATO-ya hücum edə biləcəyi isə inandırıcı deyil:
"Hesab edirəm ki, Rusiya bunu edə bilməz. Birincisi, Kreml çox gözəl bilir ki, NATO-ya hücum etsələr alyansın bütün ölkələri onların üzərinə gələcək. Rusiya isə bunun altından çıxa bilməz.
İkincisi də Rusiyanın artıq əvvəlki gücünün olmamasıdır. Onlar heç Ukraynanı tam şəkildə işğal edə bilmirlər. Belə olan halda, NATO ölkələrinə necə hücum edəcəklər? Ona görə də Rusiyanın NATO-ya hücum etmək ehtimalı inandırıcı səslənmir".
Pərviz