Orban Argentinada Zelenski ilə söhbətin təfərrüatlarını açıqladı

DÜNYA
21:19 / 13.12.2023
347

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Argentina prezidenti Xavyer Mileyin andiçmə mərasimi zamanı Ukrayna lideri Volodimir Zelenski ilə söhbətini görüş adlandırmaq olmaz, çünki onlar sadəcə bir yerdə oturub və bir neçə kəlmə fikir mübadiləsi aparıblar. 

HİT.az xəbər verir ki, bu barədə "Mandiner" portalı məlumat yayıb.

"Birlikdə eyvanda oturmuşduq, əgər buna görüş demək olarsa. Bu zaman Argentinanın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayıb, mən bunu danışıqlar vəziyyəti adlandırmazdım", deyə Viktor Orban bildirib.

Macarıstanın baş naziri vurğulayıb ki, Zelenskinin deməyə sözü var və vəziyyətdən istifadə edərək tərəflər bir neçə fikir mübadiləsi aparıblar.

Orban Ukrayna rəhbərinə nə deməsi ilə bağlı suala "Yaxşı tərbiyə alan insandan söz soruşanda, cavab verir. Mən də cavab verdim", deyib.

Qeyd edə ki, Zelenski yeni seçilmiş Argentina prezidentinin andiçmə mərasimində iştirak etmək üçün getdiyi ölkədə Orbanla qısa söhbət edib. Yayılan videogörüntülərdə Zelenski və Orbanın nəyisə aktiv şəkildə müzakirə etdiyi görünür, lakin videonun səsi yoxdur. Nə Ukrayna, nə də Macarıstan tərəfi iki liderin görüşü ilə bağlı rəsmi məlumat verməyib.

Samir

0