Aİ Macarıstana xəbərdarlıq edib: Səsvermə hüququndan məhrum edilə bilər

13:42 / 18.12.2023
293

Avropa İttifaqındakı bir sıra siyasətçilər Ukraynaya yeni yardım paketi ilə bağlı razılığa gəlmək üçün Macarıstanı səsvermə hüququndan məhrum etməyi düşünürdülər. 

HİT.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bu siyasətçilər iddia edirlər ki, Aİ müqaviləsi bunu 7-ci maddədə nəzərdə tutur və bu da bir ölkənin Avropa qanunlarını pozduğuna görə səsvermə hüququndan məhrum edilməsinə icazə verir.

Avropa İttifaqının üzvü olan ölkənin səsvermə hüququndan məhrum edilməsi prosesi blokun digər üzvü tərəfindən bloklana bilər. Lakin Polşada keçirilən son seçkilərdən sonra Avropa İttifaqında Macarıstan üçün təminatlı müdafiəçi qalmayıb. Buna baxmayaraq, bir çox ölkələr Aİ-nin üzv dövlətə qarşı ən böyük silahı adlandırıla bilən belə bir addımdan istifadənin mümkünlüyündən narahatdır.

Bu tədbir əvəzinə Aİ Macarıstanın baş naziri Viktor Orbana blok daxilində təcridin ölkə üçün nə qədər çətin olacağını göstərmək istəyir. "Əgər bu addım istənilən effekti verməsə, o zaman Aİ-nin 26 ölkəsi Macarıstanın iştirakı olmadan Ukraynaya yardım haqqında saziş bağlaya bilər, lakin bu, bir qədər vaxt aparacaq və yalnız qısamüddətli həll yolu olacaq", deyə məqalədə bildirilir.

Aİ həmçinin Macarıstanın ittifaqdakı müttəfiqlərini ukraynalılara yardım paketini razılaşdırmaq üçün digər alətlərdən istifadə etməyə məcbur edə biləcəyindən ehtiyat edir.

Keçən həftə Aİ liderləri Ukraynaya 50 milyard avroluq maliyyə yardımı paketi ilə bağlı razılığa gələ bilməyiblər, çünki Macarıstan bu təşəbbüsə mane olub. Dekabrın 13-də Macarıstanın baş naziri Viktor Orban da Aİ-yə üzv olan 27 ölkədən yeganə lider olaraq qalsa belə, Avropa İttifaqının dəhşətli səhvə yol verməsinə və Ukraynanın birliyə qoşulması ilə bağlı danışıqlara başlamağa imkan verməyəcəyini bəyan edib.

Samir

0