Zelenski ciddi təzyiq altındadır? - ŞƏRH

DÜNYA
19:00 / 22.12.2023
408

Son günlərdə Ukrayna ilə bağlı yayılan iddialar artmaqdadır. 

Hazırda Ukraynanın daxilində hakimiyyət mübarizəsi getdiyi önə sürülür. Qərb mediasında yer alan xəbərlərə əsasən, Prezident Volodomir Zelenskini əvəzləmə ehtimalı olan şəxslərin sayı çoxalıb. Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və ölkənin sabiq prezidenti Petro Poroşenko başda olmaqla bir çox şəxsin adı prezidentliyə namizəd kimi hallanmağa başlayıb. 

Üstəlik, bütün bunların Qərbin Ukraynaya dəstəyini azaltmasının fonunda yaşanması da olduqca diqqət çəkir. Bəzi ekspertlər isə düşünürlər ki, Rusiya tərəfindən məqsədyönlü şəkildə dezinformasiyalar yayılır. 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov HİT.az-a açıqlamasında bildirib ki, Ukraynada proseslərin döyüş meydanında gərgin olduğu dönəmdə ölkə daxilində də vəziyyətin qarışdırılması istiqamətində cəhdlərin şahidi oluruq:

340459

"Ukraynadakı xaotik vəziyyət bu gün də davam edir. Ümumiyyətlə, müharibəni aparan bir tərəf digər tərəfi daxildən zəiflədilməsi istiqamətində də addımlar atır. Bu, müxtəlif formalarda olur. Kəşfiyyat qrupları vasitəsilə və ya müəyyən informasiyalar yaymaq yolu ilə bu proses həyata keçirilir. Ukraynaya qarşı da belə həmlələrin şahidi olmuşuq. 

Əslində Ukrayna dövləti Rusiya ilə müharibədə yaxşı vəziyyətdə deyil. Hətta hazırkı məqamda Qərb ölkələri rəsmi Kiyevə olan dəstəyi azaldırlar. Maddi, hərbi, texniki, humanitar və digər formalarda əvvəlki dəstəyi görmürük. Düzdür, bununla bağlı müəyyən fikir ayrılıqları var və gələcəkdə mövqe dəyişikliyi ola bilər".

Həmsöhbətimiz hesab edir ki, artıq Ukraynaya müharibənin əvvəlində verilən dəstək təkrarlananmayacaq:

"Nəzərə alaq ki, dəstək verən ölkələrin özlərinin də gücü tükənir. Bu da prosesə çox mənfi təsir göstərir. Amma burada Rusiyanın da rolunu danmaq olmaz. Üstəlik, Kreml də Ukraynaya dəstəyin azalması fonunda yaranan vəziyyətdən istifadə etmək istəyir. Ola bilər ki, Rusiya təhlükəsizlik orqanları tərəfindən Ukrayna ilə bağlı yalan məlumatlar yayıla bilər". 

Pərviz

0