Qərbin Ukraynadan vazkeçməsinin əsas 2 SƏBƏBİ

14:03 / 28.12.2023
1473

"Qərbin Ukraynaya əvvəlki kimi maddi və hərbi dəstək göstərməməsinin əsas səbəbi ABŞ və Avropa İttifaqının istəklərinə nail olmasıdır".

Bu sözləri politoloq Rəşad Bayramov HİT.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, ABŞ və Avropa İttifaqının məqsədi Rusiyanı münaqişəyə cəlb etməklə ona qarşı misli görülməmiş sanksiyalar tətbiq etmək idi:

"Bu proses də artıq həyata keçib və Rusiyaya ayrı-ayrı sahələr üzrə təxminən 12 minə yaxın sanksiya tətbiq olunub. Bu da Rusiyanın iqtisadi cəhətdən zəifləməsinə və öz valyuta resurslarını fantastik dərəcədə xərcləməsinə gətirib çıxarıb. Yəni Qərb artıq Rusiya iqtisadiyyatını zəiflətmək hədəfinə nail olub.

İkinci səbəb isə Qərb ölkələri ilə Rusiya arasında uçurumun yaranmasına nail olmaq idi. Bu proses də artıq reallaşıb. Hətta Rusiya bir çox Qərb ölkələri üçün arzuolunmaz dövlətə çevrilib".

340820

Politoloq qeyd edib ki, Qərbin digər məqsədi isə NATO-nun genişlənməsinə nail olmaq idi:

"Ukraynanın NATO-ya üzv olmamasına baxmayaraq, Finlandiyanın alyansa daxil olması Rusiya ilə sərhədləri 1200 kilometrə qədər yaxınlaşdırıb. Bu da NATO-nun Rusiya ilə sərhədlərinin iki dəfə artması deməkdir. Üstəlik, Rusiyanı həmsərhəd olduğu Ukrayna ilə əbədi düşmənə çevirdilər. Qərb də yaxşı bilir ki, artıq Rusiya ilə Ukraynanın münasibətinin əvvəlki səviyyəyə çatması mümkün deyil. Onu da anlayırlar ki, Ukrayna hərbi dəstək almasa belə partizan müharibəsi ilə öz mübarizəsini davam etdirəcək".

Rəşad Bayramov hesab edir ki, bu gün istədiklərini əldə etmiş Qərb üçün əlavə resurs xərcləmək mənasız bir iş kimi görünür:

"Üstəlik, Avropa İttifaqının özünün də maliyyə resursları o qədər çox deyil ki, Ukraynanı davamlı şəkildə bununla təmin edə bilsin. Burada əsas maliyyə yükü ABŞ-nin üzərinə düşürdü. Amma orada da Konqresin birbaşa yardıma icazə verməyən mövqeyi və müvafiq büdcəni təsdiqləməməsi faktiki olaraq ABŞ-ni oyundan kənarlaşdırıb. Nəticədə Avropanın Ukraynaya təkbaşına maddi və hərbi dəstək verməsi olduqca çətinləşib. 

Hətta NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, bu gün Ukraynanın tələbatları artıq alyans ölkələrinin istehsal gücünü belə üstələyir. O baxımdan Qərbin Ukraynadan vazkeçməsini iki amillə xüsusi olaraq qeyd edə bilərik. Birincisi, Qərb bu münaqişədə hədəflərinə nail olduğu üçün əlavə resurslar xərcləmək istəmir. İkincisi, Qərbdə həmin resurlarının özünün çatışmazlığı mövcud olduğu üçün əvvəl maddi və hərbi dəstəyi göstərə bilmir". 

Pərviz

0