Zalujnı Zelenskinin yerinə keçəcək?

DÜNYA
18:58 / 28.12.2023
559

Son günlərdə Ukrayna Prezidenti Volodomir Zelenskinin aqibəti ilə bağlı söz-söhbətlər səngimir.

Bir çox ekspert onun artıq yolun sonuna gəldiyini iddia edir. Başda ABŞ olmaqla Qərb dövlətlərinin Ukraynaya hərbi və maddi yardımı kəskin şəkildə azaltması fonunda sözügedən iddialar sürətlə yayılmağa başlayıb.

Hətta Qərbin Zelenskidən Rusiya ilə sülh müqaviləsi imzalamağı tələb etdiyi, onun isə bunu rədd etdiyi önə sürülür. Yayılan xəbərlərə əsasən, Ukrayna müharibəni mövcud şəraitdə dondurmaq istənilir. Zelenski isə buna qarşı çıxdığı üçün Ukraynada hakimiyyət dəyişikliyi məsələsi gündəmə gəlib. 

Artıq iş o həddə çatıb ki, Qərb mediasında hər gün Zelenskini kimin əvəz edə biləcəyi ilə bağlı xəbərlər tirajlanır. Düzdür, Ukraynanın özündə belə bəzi şəxslər artıq prezident olmaq istədiklərini bu və ya digər şəkildə açıqlayıblar. Bir çox isim ön plana çıxsa da, onların içərisində bir nəfər xüsusi diqqət çəkir. 

Əlbəttə ki, söhbət Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıdan gedir. Qərb mediasında onun Ukraynanın yeni prezidenti olacağına inam yüksək səviyyədə təqdim olunur. Zalujnının "The Times" nəşrinin üz qabığında yer alması və dünyada piar kampaniyasının aparılması diqqətləri ona yönəldib. Hətta bəzən Zelenskiyə müsahibələrində belə onunla bağlı suallar ünvanlanır. 

Son həftələrdə Zalujnı və Zelenski arasında ciddi gərginlik yaşanması da bununla əlaqələndirilir. Onu da qeyd edək ki, Zalujnının Zelenskinin keçirdiyi toplantılara qatılmaması, habelə Zalujnının ofisində dinləmə cihazının tapılması da gündəmi xeyli zəbt etmişdi. 

Üstəlik, Ukraynada gələn il keçirilməli olan prezident seçkilərinin təxirə salınmasında da bu nüansın dayandığı deyilir. Bəzi analitiklər Zelenskinin seçkidə məğlub olmamaq üçün müharibəni əsas gətirərək seçkini ləğv etdiyini deyir. 

Bəs Zalujnı hakimiyyətə gəlsə nə baş verəcək? 

Zalujnının Zelenskininin yerinə iqtidara gələcəyi təqdirdə, onun rəsmi şəkildə Rusiya ilə danışıqlar aparması gözlənilir. Xatırlayaq ki, ötən günlərdə artıq Zalujnı ilə Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov arasında da gizli danışıqlar aparıldığına dair məlumatlar da yayılıb. Yəni o hakimiyyətə gəldikdən sonra bu danışıqların rəsmi formatda davam etdiriləcəyi və müharibənin indiki vəziyyətdə dayandırılacağı proqnozlaşdırılır. 2 ilə yaxındır müharibədən yorulan Ukrayna xalqının da buna razı olacağına dair mülahizələr artmaqdadır. 

Hər halda, indiki vəziyyətdə Volodimir Zelenskinin qarşısına çıxacaq və onu əvəzləyəcək ən böyük namizəd olaraq məhz Valeri Zalujnının adı hallanır. Proseslərin necə irəliləyəcəyini isə zaman göstərəcək... 

Pərviz

0