Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanda Rusiya hərbi bazasının olması ilə bağlı istənilən müzakirələri zərərli və yersiz adlandırıb.
HİT.az xəbər verir ki, nazir müavini bu barədə "RİA Novosti"yə danışıb.
O, qeyd edib ki, bazanın yerləşdirilməsi ilə bağlı müqavilə 1995-ci il martın 16-da bağlanıb. Diplomat qeyd edib ki, bu müqavilə Rusiya və Ermənistanın milli maraqlarına əsaslanır. Müqavilənin 26-cı maddəsinə əsasən, Rusiya hərbçilərinin bu ölkədə qalma müddəti 49 ildir və bundan sonra müqavilə avtomatik olaraq daha 5 il müddətinə uzadılır.
Qaluzin onu da vurğulayıb ki, rus əsgər və zabitləri təkcə Ermənistanda deyil, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edirlər.
“Biz respublikada hərbi mövcudluğumuzla bağlı hər hansı müzakirələri zərərli və yersiz hesab edirik”, deyə o, əlavə edib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının dövlətin ərazisində olmasının heç bir üstünlüyünü görmədiyini bildirib. Ermənistan baş nazirinin sözlərinə görə, ölkə yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmir. O qeyd edib ki, Qarabağda baş verən hadisələr Ermənistanı müdafiə sahəsində yeni tərəfdaşlar axtarmağa sövq edib.
Samir